Logo

Kamran Əsədovdan SƏRT TƏNQİD: "Müəllimdən ekspert düzəldirlər"

06.04.2022 16:08 2025 baxış
IMG

"Ölkəmizin 4432 orta məktəbində 150 min müəllimin 20 mindən çoxunu Azərbaycan dili müəllimləri təşkil edir. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 5-6 martda keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb və məlum olub ki, cavab meyarlarında müəyyən problemlər var. Amma bir müəllim belə buna görə fikir bildirmək istəmir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov öz feysbuk hesabındakı paylaşımında qeyd edib.

Ekspert sadaladığı nüansları, müəllimlərin il ərzində bir neçə dəfə DİM-in fənlər üzrə seminarlarına gedib şəkil çəkdirib abituriyentlərə göstərərək "bəs mənim də DİM-də fəaliyyətim var" deyə bildirmək istəmələri ilə əlaqələndirib:

"Ümumiyyətlə vicdanını bir qarın çörəyə satmaq dəhşətdir. Mənə 3 gündür, abituriyentlər, valideynlər, Azərbaycan dili müəllimləri yazır ki, cavablarda problemlər var. Amma heç kim apellyasiya şikayəti vermək istəmir. Bəziləri elə bilir ki, mənim DİM-lə münasibətim pisdir və qərəzli şəkildə onlara nəsə deyirəm. Əksinə, DİM ilə münasibətlərimiz kifayət qədər yaxşı, işgüzar səviyyədədir. Mən əldə etdiklərimə görə: bilik, bacarıq, idarəetmə, məhz DİM-ə borcluyam, onlardan öyrənmişəm, öyrənirəm. Maraqlıdır, müəllimlərdən ekspert düzəldən Təhsil Nazirliyi və Təhsil İnstitutu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlara elmi təhlil, rəy verə bilmir".

Sərt çıxışı ilə öz etirazını bildirən ekspert Təhsil İnstitutunu bütün günü qeyri-ciddi bloger, gözəllik müsabiqəsi, yumurtanın texniki quruluşu ilə bağlı beynəlxalq konfrans keçirməsinə və bir dənə də qəbul imtahanı ilə bağlı rəy bildirməməsinə görə tənqid edib:

"Danışanda da ingilis dilində iki dənə söz əzbərləyib danışırlar. Ayıbdır, Vallah, ayıbdır. Ölkənin AMEA-sı, Dilçilik İnstitutu, universitetləri, Təhsil Nazirliyi, Təhsil İnstitutu bir dənə imtahan ilə bağlı obyektiv rəy verə bilmir. Verdikləri rəy varsa, o da tərifdir. Sornra da deyirlər ki, bilirsən, belə məsləhət oldu. Görəsən bu Təhsil İnstitutunun ekspertləri buna nə deyir?"

Fəqan Əzimli

Xəbər lenti