Logo

Bakı Ali Neft Məktəbinin tələbələri UNESCO-nun layihəsinə qatılıblar

06.04.2022 22:00 330 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri UNESCO tərəfindən maliyyələşdirilən və Azərbaycan Texniki Universitetinin (ATU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinə qatılıblar.

Tehsil.biz xəbər verir ki, onlar proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 1-ci kurs tələbələri Fatimə Əhmədzadə, Fidan Məmmədli və Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Asudə Sadıqovadır.  

Layihənin  məqsədi mühəndislik təhsilində və mühəndislik yönümlü peşə sahələrində qızların iştirakının artırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə qadınlar üçün fürsətlərin və çətinliklərin müəyyən olunmasıdır. Həmçinin Azərbaycanda bu sahədə təbliğatın aparılması, məlumatlılığın artırılması və qızların daha rəqabətli peşələrdə təmsil olunmaları üçün bacarıq və qabiliyyətlərinin formalaşdırılması da layihənin məqsədləri sırasına daxildir.

BANM-in tələbələri layihə çərçivəsində təşkil edilən  “Mühəndislikdə hər kəs güclüdür” mövzusunda keçirilən konfransda və təlimlərdə iştirak ediblər. Konfransda Azərbaycanın ali təhsil və orta təhsil müəssisələrinin rəhbər, müəllim və tələbə heyəti ilə yanaşı, müxtəlif sənaye  müəssisələrinin, özəl sektorun, ictimai birliklərin nümayəndələri də iştirak ediblər. Beş gün davam edən təlimlər isə “Mühəndislik peşələri üzrə bugünkü əmək bazarında qızların rəqabətqabiliyyətliyinin artırılması” mövzusunda olub. Təlimlərdə Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik üzrə təhsil alan gənc xanım tələbələri iştirak edib. Təlimlər və konfransın yekununda BANM-in tələbələri hazırladıqları təqdimatla çıxış ediblər.  

Layihə çərçivəsində Azərbaycanda qızların mühəndislik təhsilində iştiraklarının artırılması məqsədi üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Layihənin davamı olaraq tələbələr üçün Karyera Günləri başlığı altında onların əmək bazarına hazırlıqlarının artırılması məqsədi ilə silsilə seminarlar keçiriləcək.

Xəbər lenti