6 aprel - Beynəlxalq Stolüstü Tennis Günü ilə əlaqədar Təhsil Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələrində 2-5-ci sinif şagirdlərinin iştirakı ilə tədbirlər keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirlərdə stolüstü tennis üzrə Avropa çempionatının, İslam Həmrəylik Oyunlarının mükafatçıları olan peşəkar tennisçilər tərəfindən “master klass”lar göstərilib, hədiyyəli viktorinalar, xüsusi estafet yarışları keçirilib.
“Şüa” İdman Sağlamlıq Kompleksində, “Qarabağ NN” Stolüstü Tennis İdman Klubunun bazasında, “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbində, 154, 238, 258 nömrəli tam orta məktəblərdə təşkil olunan tədbirlərə 370-dən artıq məktəbli qatılıb, iştirakçı şagirdlərə hədiyyələr verilib.
Qeyd edək ki, təhsilalanların fiziki inkişafının təmin edilməsi, onların sağlam, psixoloji dayanıqlı olmaları, ayrı-ayrı idman növlərinə olan bilik və marağının artırılması, eyni zamanda sağlam həyat tərzinin təbliği məqsədilə nazirlik tərəfindən il ərzində müxtəlif idman federasiyaları ilə birgə məktəblilərin iştirakı ilə müvafiq idman növünə həsr olunmuş xüsusi günlərlə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.