Logo

Azərbaycan mədəniyyəti günlərinin və Azərbaycan fondunun açılışı mərasimi keçirilib

07.04.2022 15:12 473 baxış
IMG

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə reallaşdırılan Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, öncə Azərbaycandan gələn qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında ulu öndər Heydər Əliyevin abidəsinin, habelə Şəhidlər abidə kompleksinin qarşısına əklil və gül çiçəkləri qoyublar.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, tanınmış alimlər, ictimaiyyət nümayəndələri daxildir.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqlara  rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklər haqqında məlumat verib, habelə qonaqları Mərkəzdəki Heydər Əliyev muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi və Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə tanış edib.

Azərbaycan mədəniyyət günü münasibəti ilə ilk tədbir olaraq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan fondunun açılış mərasimi olub. Milli Kitabxananın direktoru Umida Teşabayeva açılış mərasimində çıxış edərək Azərbaycanla əlaqələr, Azərbaycan Mədəniyyət Mərkəzi  ilə birgə layihələr və əməkdaşlıqdan danışıb. Direktor bildirib ki, Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə son zamanlar Azərbaycana dair Özbəkistan kitabxanalarına çoxsaylı nəşrlər hədiyyə olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda təşkil edilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənd və Termez şəhərlərində çoxsaylı tədbirlərin keçiriləcəyini, kitabxanalarda Azərbaycan fondlarının və ocaqlarının açılışı, kitab təqdimatları, sənətçilərimizin iştirakı ilə dostluq konsertləri, moda sərgiləri, habelə çoxsaylı ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.

2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa ili” elan olunduğunu qeyd edən diplomat 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması nəticəsində dağıdılmış və viran qoyulmuş yurd yerlərimizin, abidələrimizin  bərpası, məhv edilmiş kitabxanalarımızın yenidən qurulacağını söyləyib.

Özbəkistan Ali Məclisiniin deputatı, şair və tərcüməçi Gülbahar Saidqaniyeva  iki ölkə arasında mədəni əlaqələrin bu qədər dinamik inkişafından sevinc və fərəh hissi keçirdiyini, aparılan sistemli iş nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edən əməkdaşlıq platformasının qurulduğunu söylədi.

Qənirə Paşayeva xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında danışaraq, şair və yazıçılarımız, günü-gündən yüksələn, inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığından danışıb. O, tarixən bu münasibətlərin daim inkişafda olduğunu və möhkəmləndiyini qeyd edərək, bu işdə dövlət başçılarımızın xidmətlərini qeyd edib. Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. O, vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Ermənistanın işğal etdiyi şəhər və kəndlərimiz yerlə yeksan edilib, məscidlərimiz dağıdılıb.

Deputat Müşfiq Cəfərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O yaxın zamanlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Özbəkistana səfəri və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində aparılan danışıqlar haqqında məlumat verib.

Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, 2023-ci ildə TÜRKSOY tərəfindən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günləri haqqında danışıb. O, münasibətlərin bu səviyyədə olmasında AMM-nin xüsusi rolunu qeyd edib.

Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Qeyd edək ki, yaradılan Azərbaycan fonduna 400 adda nəşrlər hədiyyə olunub.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görən “Azərbaycan və özbək atalar sözləri” ikidilli nəşrin təqdimatı  keçirilib. Təqdimat mərasimində Azərbaycanlı və Özbək alimlər çıxış və məruzələr ediblər.

Xəbər lenti