Bakı Dövlət Universiteti ulu xalqın milli simvoludur. Elm məbədimizin yarım əsrdən çox yaşı olan Jurnalistika fakültəsi vardır. Burada vaxtilə peşəsi ocaq, müqəddəs ziyarətgah olan qələm adamları çalışmışdır. İndi də xələfləri sələflərinin yolunu ziya nuru, əqidə günəşi ilə nurlandırır, vicdan və dürüstlük yolu ilə davam etdirirlər.
Fakültəmiz haqqında zaman-zaman böyük elm, mədəniyyət adamları xoş sözlər demiş, dərin qiymət vermişlər. Bu da heç təsadüfi deyildir. Çünki fakültəmiz daim zatına qaim olmuş öz şənini uca tutmuşdur.
Fakültəmizin Radio-televiziya kafedrasının müəllimi, studiya müdiri Ramin Rzayevin rəhbərliyi ilə ötən ilin son ayının ilk günü gözəl bir layihəyə start verildi. "Dinlə" bizə o qədər gözəl səsləri, sevilən şairlərin sətirlərini, sanballı musiqiləri dinlətdi ki, inanın ruhumuz o səslərə qoşuldu, səsimiz hər səsə səs verdi.
İlk buraxılış olduqca maraqlı keçdi. Bu marağı tamaşaçıda Rəhilə Həmidova yaratdı.
Sonradan bir-birindən gözəl simalar, minor və major ladında olan musiqi nömrələri və hər sətirləri zövq verən şeirlər tamaşaçı qəlbinə cığır açdı.
Maraqlı buraxılışlar bir-birini əvəzləyirdi...
“Şah pərdə kökü”ndə olan və zirvə sayılacaq növbəti efir başlayır. Bütün iştirakçılardan fərqli olaraq "start" kəlməsində "hazıram" sözü əvəzinə "mən hazır" söz birləşməsi işlənir. Uşaq saflığı, daxili dünyasının paklığı, ağ rəngin təmizliyi şəklində gözlərimiz önündə hamının Salam dayı kimi tanıyıb və sevdiyi Salam Muxtarov görünür. Ömrünü bəxş etdiyi Universitetə, onu sevən minlərlə tələbəyə sərhədsiz məhəbbətini "Mənim tələbə dünyam" şeiri ilə çatdırır. Dəfələrlə qulaq asıram. Sanki hansısa boşluqdan səs eşidilir.
- Əsgər, diqqətlə qulaq as: "DİNLƏ", "DİNŞƏ"
Və bu gün yenidən bir daha dinləyirəm. Yenə də eyni səslər...
Salam Muxtarovu hamı sevirdi, öz doğması, canının bir parçası kimi. Bunu Universitetimizə ayaq qoyanda da, sosial şəbəkədə onun haqqında yazılan rəyləri oxuyanda da, elə "Dinlə" layihəsində otuz yeddi saniyəlik çarxda da hiss etmək, duymaq olur.
Mən Salam dayını tanımırdım. Heç onunla qarşılaşıb salam da kəsməmişdim. Mənə Salam Muxtarovu "Dinlə" layihəsi tanıtdı. Ramin Rzayev tanıtdı. Bax, budur bizim fiziki kiçik, mənəvi böyük Jurnalistika fakültəmiz!
"Dinlə" layihəsi ilk efirinə Ramiz Rövşən qələminin sevgidən doğan "Ayrılıq" şeiri ilə başladı. Bu gün o ayrılığı Salam Muxtarovla bir də yaşadıq. Ayrılıq yenə sevgidən doğdu. Bu dəfə Salam dayının Tanrının bəndələrinə olan sevgisindən deyil, məhz Tanrının özünə olan sevgisindən...
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi