Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və assosiasiyanın nəzdindəki təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovanın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə müsabiqənin qala-konserti və qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Mərasim münsiflər heyətinin üzvü, pianoçu Key Lenq və çinli pianoçu Vivian Fanq Liunun çıxışı ilə başlanıb. Qala-konsert qaliblərə diplomların və pul mükafatlarının təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, tanıdılması, “Carnegie Hall” mərkəzində çıxış etmək imkanının yaradılması və Azərbaycanın zəngin musiqi mədəniyyətinə diqqətin cəlb olunması məqsədilə keçirilən müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim ediblər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Xatırladaq ki, Florida ştatında yaşayan Pərvin Muradova Azərbaycanın xalq artistləri – görkəmli bəstəkar Cövdət Hacıyevin və milli rəqslərin görkəmli ustadı Əminə Dilbazinin övladıdır. Onun rəhbəri olduğu “Florida keys” müsabiqəsi dünyanın müxtəlif ölkələrindən istedadlı pianoçuların üzə çıxarılmasına, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsinə böyük töhfələr bəxş edir.