Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki ölkənin təmsil etdiyi universitetlər arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda iki universitet arasında akademik mübadilə imkanlarının inkişafının təmin edilməsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi məqsədilə imzalanıb.
Zoom proqramı üzərindən təşkil olunan imzalanma mərasiminin maoderatoru, Şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə qonaqları salamlayaraq görüşün əhəmiyyətindən danışıb.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixşiyeva qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor Azərbaycanla Özbəkistan arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.
Onlayn görüşdə BDU-nun rektoru Elçin Babayev BDU-nun fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. O, Özbəkistanla Azərbaycan arasında xüsusilə təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin, doktorantların bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə ölkəmizdə son illər elm-təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Elyor Mahmudov və BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov da öz növbələrində təmsil etdikləri təhsil ocağından danışıb və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixşiyeva imzalayıblar.
Müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. Müqaviləyə həmçinin ortaq proqram, kurs və tədris planlarının hazırlanması, ortaq tədqiqat layihələri üzrə əməkdaşlıq, birgə tədris fəaliyyətinin təşkili daxildir.
Bağlanmış ikitərəfli müqavilənin şərtlərinə görə tərəflər birgə mədəni proqramlar və fəaliyyətlərin təşkili, tələbələr, akademik kadrlar və inzibati kadrlar üçün ortaq təlim proqramlarının həyata keçirilməsi, eyni zamanda, tələbə, magistrant, doktorant, tədqiqatçı, akademik və inzibati kadrların mübadiləsi, magistrant, doktorant və dissertantlarına hər iki universitetdən elmi rəhbərlərin təyin olunmasını öhdəsinə götürür.
Müqavilə çərçivəsində geniş əməkdaşlıq planlarının olduğu qeyd edilib, onlayn görüşdə üçlü diplom proqramı, gələcək perspektivlər də müzakirə olunub.
Qeyd edək ki, müqavilə 5 il müddətinə imzalanıb.