Azərbaycanda dövlətçilik ənənələri eramızdan əvvəlki minilliklərdə yaranmağa başlamışdır. Həm qədim dövrlərdə, həm də orta əsrlərdə Azərbaycanda mövcud olmuş dövlətlər dövlətçilik ənənələrimizi inkişaf etdirərək onu qorumağı bacarıblar. Lakin Azərbaycan tarixinin ən şanlı dövrü Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini quruduğu gündən başlayıb. O, müstəqil Azərbaycanı qurmağa sovet dövründə 1969-cu ildə Azərbaycan SSR KP MK-nin sədri seçildikdən sonra başlamışdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan SSR-i kənd təsərrüfatı ölkəsindən, sənaye ölkəsinə çevrilib.
Ölkədə xeyli sayda yeni iş yerləri, fabrik və zavodlar istifadəyə verilib. Heydər Əliyev bu dövrdə təhsil və elm sahəsində davamlı və dayanıqlı inkişafı təmin etmək üçün əsaslı islahatlar həyata keçirib. 1980-ci illərin əvvəllərində isə o, SSRİ-nin rəhbərlərindən biri olmuş və buna baxmayaraq Azərbaycanın inkişafına, Azərbaycan xalqının firavan yaşamasına xüsusi diqqət yetirib.
Azərbaycanda sovet hakimiyyəti devrildikdən sonra isə müstəqilik əldə etsək də o, dövrün siyasi hakimiyyətinin iradəsizliyi ölkədə dağınıqlığın, xaos və anarxiyanın hökm sürməsinə səbəb olmuşdur. Belə olan halda xalq xilas yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlişində görürdü. Buna görə də o, Naxçıvandan Bakıya dəvət edildi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi və müstəqil Azərbaycanın tarixində yeni – Parlaq gələcək dövrünün əsası qoyuldu. Xarici və daxili siyasətdə əməli islahatlar həyata keçirildi. Xaos və anarxiya aradan qaldırıldı. Ölkə məhv olmaq təhlükəsindən xilas edildi. 1994-cü il ərzində Azərbaycanın neft strategiyasını müəyyən edən “Əsrin Müqaviləsi” və Ermənistanla gələcəkdə Azərbaycanı qalib ölkəyə çevirəcək “Atəşkəs” əldə edildi. Bütün sahələrdə aparılan islahatlar XXI əsrdə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkəmizin beynəlxalq nüfuzu və dünya dövlətləri ilə qarşılıqlı münasibətləri yüksək səviyyəyə qalxır. Heydər Əliyevin uzaqgörən siyasəti 2020-ci ildə işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində rəşadətli Azərbaycan ordusu ermənilər tərəfindən işğal altında saxlanılan 20 faiz ərazilərimizi azad etdi.
Bununla da beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi öz gücümüzə bərpa etdik. Təbii ki, bütün bunlar uzun zaman ərzində düşünülmüş, uzaqgörən və gələcəyə hesablanmış uğurlu siyasətin nəticələridir. Bu gün Azərbaycanın inkişaf tempi qənaətbəxşdir. Mən Azərbaycan gəncliyinin nümayəndəsi kimi hesab edirəm ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, milli mənafelərimiz əsasında formalaşdırılmış siyasət Azərbaycanı daim inkişaf etdirəcək və parlaq gələcəyə doğru aparacaq!
Yusif Həsənov,
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi