8 aprel 2022-ci il tarixində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş "Ağ kölgə" adlı sərginin açılış mərasimi təşkil edilib.
Tehsil biz xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxış edərək Cəlil Hüseynovun müasir Azərbaycan incəsənətinin inkişafı və zənginləşməsində xidmətlərindən danışıb. O, rəssamın yaradıcılığının həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda sevildiyini qeyd edərək Cəlil Hüseynovun əsərlərinin Azərbaycanda fəaliyyət göstərən bir çox muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanıldığını, nüfuzlu sərgilərdə nümayiş etdirildiyini vurğulayıb.
Anar Kərimov həmçinin istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafında və gələcək nəsillərə ötürülməsində rəssamın xidmətlərindən bəhs etdərək Cəlil Hüseynovu Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edib.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev çıxış edərək rəssamın uzunmüddətli və səmərəli fəaliyyətindən söhbət açıblar.
Sonda Cəlil Hüseynov “Ağ kölgə” adlı ilk fərdi sərgisinin təşkilində Mədəniyyət Nazirliyinə, Müasir İncəsənət Muzeyinə və sərginin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Sərgidə Cəlil Hüseynovun müəllifi olduğu peyzaj janrında çəkilmiş, qadın mövzusuna həsr edilmiş və bir çox natürmort əsərləri nümayiş etdirilib.
Tədbirdə mədəniyyət, incəsənət və elm xadimləri, tanınmış simalar iştirak ediblər.