Logo

Bakı Musiqi Akademiyasında açıq dərslər keçirilib - FOTOLAR

10.04.2022 00:02 676 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalında “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin və akademiyanın Orta ixtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərslər keçirilib.

BMA-dan bildirilib ki, açıq dərsdə akademiyanın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova tələbələrə öz məsləhət və tövsiyələrini bildirərək onlara gələcək pedaqoji fəaliyyətində uğurlar arzulayıblar.

Professor Elnarə Məmmədova deyib: “Belə layihələrin keçirilməsi bizim kafedra tələbələri üçün sınaqdır – onların təcrübəsini daha da artırır, özünə inam hissini oyadır. Mən çox sevinirəm ki, biz mütəmadi olaraq, məktəb-studiya ilə ünsiyyətdə oluruq, birgə layihələrimiz var”.

Təcrübəçi-tələbələr gələcəyin müəllimləri, şagirdlər isə gələcəyin tələbələridir. Qeyd edək ki, məktəb-studiya pedaqoji kafedra üçün baza sayılır. Kafedrada çalışan çox təcrübəli müəllimlər tələbələrə sənətin nəzəri əsaslarını və biliklərini öyrədirlər. Belə açıq dərslərin keçirilməsi isə onların təcrübəsini daha da artırır. Tələbələr ifa olunacaq əsər və onun bəstəkarı haqqında şagirdlərə geniş məlumat verir, sonra isə həmin əsəri ifa etməyi öyrədirlər. 

Açıq dərsdə məktəb-studiyanın müxtəlif ixtisasları üzrə şagirdləri həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərlərini fortepiano, çello, fleytada müvəffəqiyyətlə ifa etdilər.

Xəbər lenti