Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanında 782 namizəd müsabiqə şərtlərini ödəyib

11.04.2022 17:50 461 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün aprelin 10-da keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

DİM-dən bildirilib ki, imtahan nəticələri bu gün saat 16:06-dan etibarən Mərkəzin saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 2063 nəfər iştirak edib. BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu üzrə 93, BB2 altqrupu üzrə 116, BB3 altqrupu üzrə 175, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

Namizəd sertifikatı əldə etmək üçün aprelin 12-dən 25-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 12-14-də saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299.

Xəbər lenti