2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA) təşkilatçılığı, şəhər 3, 4, 10 və 11 saylı tam orta məktəblərin direktorları və valideynlərin, eləcə də universitetin bir qrup akademik və inzibati heyət üzvünün iştirakı ilə müzakirələr keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə, MVA-nın İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” proqramı çərçivəsində həyata keçirilən “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsi haqqında ətraflı məlumat verib.
Sonra, valideyn-məktəb münasibətlərinin təkmilləşdirilməsindən bəhs edən MVA-nın rəhbəri Fərman Nəbiyev bu məqsədlə sözügedən layihədə nəzərdə tutulmuş başlıca məsələləri diqqətə çatdırıb. Məktəblərdə ictimai şuraların yaradılmasının zəruriliyini vurğulayan F.Nəbiyev layihə çərçivəsində bununla bağlı hazırlanmış müvafiq sənəd layihələrinin müzakirəyə çıxarılmasının hazırki görüşün əsas məqsədi olduğunu bildirib.
Daha sonra çıxış edən məktəb direktorları, direktor müavinləri, valideynlər, MDU-nun akademik və inzibati heyət üzvləri təqdim edilən sənəd layihələri ilə bağlı fikirlərini bölüşüb və müvafiq təkliflərini irəli sürüblər.
Görüş layihə çərçivəsində qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatıb.