Bərdənin Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Hümmətov Qasım Ramiz oğlu məktəb rəhbərliyindən şikayətçidir.
O, bu barədə "Tehsil.biz"in redaksiyasına bildirib.
Çalışdığı məktəbdə 2018-ci ildən işlədiyini bildirən şikayətçi fəaliyyəti müddətində məktəbdə bir dəfə də olsun təhsil sahəsində bir yenilik görmədiyini deyib: "Son vaxtlarda məktəbin təhsili çox bərbad vəziyyətdədir. Belə ki, məktəbdə şagirdlərin adları jurnallarda var, ancaq özləri müxtəlif yerlərdə hazırlıqdadırlar. 40-dan artıq şagird müxtəlif yerlərdə hazırlıqda olurlar. Bu qanunsuzluğa göz yuma bilmədiyimdən Təhsil Nazirliyinə dəfələrlə şikayət etmişəm. Nəticə etibarı ilə lazımlı şəxslər cəzalarını almaq əvəzinə məni işimdən çıxarmaq istəyirlər".
Şikayətçi Q.Hümmətov bildirib ki, direktor Şölə Qasımova və onun müavini Mahmud Məmmədov öz ətrafında kollektivi toplayıb ona qarşı yönəldib: "Artıq bir həftədir ki, direktor məni qanunsuz olaraq məktəbə buraxmır. Bir həftədir, fizika dərsləri boş keçir. Dünən də mən dərsə buraxılmadım. Məktəbin qanunauyğun işləməməsi haqda məndə xeyli sayda tutarlı dəlillər var".
Şikayətçinin qeyd etdikləri barədə Bərdə şəhər Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə sorğu göndərilib.
Fəqan Əzimli