Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət yarandığı üçün həmin məktəbdə aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası dəyişdirilib.
"Tehsil.biz"in xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, şagirdlər imtahanı Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada verəcəklər:
"Artıq Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə imtahana buraxılış vərəqəsi yerləşdirilib. İştirakçılar imtahanda iştirak etmək üçün yeni buraxılış vərəqələrini çap etməlidirlər. İmtahan iştirakçılarının xəbərdar edilməsi üçün müvafiq təhsil müəssisələri də məlumatlandırılıb və onlar da şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər".
12:05
Goranboy 2 saylı tam orta məktəbi qəzalı vəziyyətdədir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Goranboy rayon Təhsil Şöbəsindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı həm Təhsil Nazirliyinə, həm də Goranboy Rayon İcra Hakimiyyətinə məlumat verilib:
"Bünövrə hissəsinin divarları bir-birindən aralanıb. Məktəbin hər an uçma təhlükəsi olduğundan bu gündən şagirdlərin bir hissəsi 1 saylı tam orta məktəbə köçürülüb. Şagirdlər təhsillərini müvəqqəti olaraq orada davam etdirəcəklər. Məktəbdə isə əsaslı təmir aparılacaq".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi də açıqlama yayıb ki, Goranboy şəhəri 2 saylı orta məktəbin ətrafında qəzalı vəziyyət yarandığı üçün həmin məktəbdə aprelin 23-də keçirilməli olan buraxılış imtahanı başqa binaya dəyişdirilib.