Logo

Anar Kərimov Qubanın mədəniyyət müəssisələrinə baxış keçirib - FOTOLAR

14.04.2022 23:09 442 baxış
IMG

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanan bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov Quba rayonuna səfər edib.

Tehsil.biz xəbər verir ki, Anar Kərimov səfər çərçivəsində Quba Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Nazirə məlumat verilib ki, 1924-cü ildə yaradılan muzeydə hazırda 11 minə yaxın eksponat qorunub saxlanılır. Muzey 2015-ci ildə ümumi sahəsi 1620 kvadratmetr olan, müasir standartlara uyğun 3 mərtəbədən ibarət yeni binaya köçürülüb. Qeyd edilib ki, ekspozisiyada Quba xalçaları, XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalqımızın tarixi, mədəniyyəti, tətbiqi sənəti, məişətini əks etdirən eksponatlar nümayiş olunur.

Quba Soyqırımı Memorial Kompleksinə gələn Anar Kərimova məlumat verilib ki, Quba şəhərində soyqırımı məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində toplu məzarlığın 1918-ci ildə erməni silahlı dəstələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı keçirilib.

Mədəniyyət naziri Qubada XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Hündür günbəzli hamam və ölkə əhəmiyyətli memarlıq abidəsi Səkinə xanım məscidini də ziyarət edib. Quba şəhərində Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşən Hündür günbəzli hamama baxış keçirilərkən bildirilib ki, el arasında bəzən “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” da adlandırılan abidədə 2018-ci ildə təmir-bərpa işləri həyata keçirilib. İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib.

Quba rayonunun memarlıq abidələri arasında özünəməxsus yer tutan Səkinə xanım məscidi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, məscid görkəmli Azərbaycan şairi, tarixçi, maarifçi Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanımın vəsaiti ilə 1854-cü ildə tikilib.
Qubada mədəniyyət müəssisələri və tarixi-mədəni abidələrlə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində “Şuşa İli” münasibətilə təşkil olunan konsert proqramını izləyib.

Konsertdə Quba rayon Uşaq musiqi məktəbi kollektivinin ifasında ilk olaraq Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertüra səslənib.
Sonra Quba rayon Uşaq musiqi məktəbi və rayon Uşaq incəsənət məktəbi şagirdlərinin, eləcə də Mədəniyyət Mərkəzi solistlərinin ifasında müxtəlif musiqi nömrələri təqdim olunub. “Quba könüllülər teatrı “Nizami inciləri” teatrlaşdırılmış kompozisiyasını nümayiş etdirib. Tat folklor qrupunun ifasında “Şuşam", dağ yəhudisi ifaçının oxuduğu "Şuşa”, Mədəniyyət Mərkəzinin "Gözəl Quba" ansamblı və solistin ifasında “Şuşanın dağları" mahnıları alqışlarla qarşılanıb. Proqram bütün ifaçıların iştirakı ilə səslənən "Yaşa, mənim xalqım" mahnısı ilə başa çatıb.

Xəbər lenti