Logo

Vətən müharibəsi, Zəfər... və Sənət - Şahanə Müşfiq yazır

14.04.2022 23:35 512 baxış
IMG

Şahanə MÜŞFİQ

Son günlər mətbuatımızı və gündəmimizi məşğul edən mövzulardan biri də Vətən müharibəmizə həsr olunan sənət əsərlərinin "varlığı və yoxluğu" məsələsidir. Bəziləri iddia edirlər ki, böyük Qarabağ zəfərinin qazanılmasından iki ilə yaxın zaman keçməsinə baxmayaraq, mədəniyyətimiz, ədəbiyyatımız bu mövzuda "ağzına su alıb" oturub, qələbəmizi tərənnüm edən əsərlər yazılmır, tamaşalar oynanılmır, filmlər çəkilmir, rəsmlər yaradılmır. Bəs, görəsən, doğrudanmı belədir? Mədəniyyət Nazirliyimiz başda olmaqla, sənət ocaqlarımız bu qədər böyük tarixi hadisəyə laqeyd yanaşırlar? 

Əlbəttə ki, yox! Axı var... Özü də hələ ilk günlərdən var! İndi də davam etməkdədir.

Gəlin, başlayaq lap əvvəldən. Hələ 2020-ci ilin soyuq payız günlərində müharibənin davam etdiyi zamanlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Qarabağa, müharibəyə və hətta öncəgörənliklə zəfərə həsr olunmuş rəsm əsərlərindən ibarət böyük bir sərgi təşkil elədi. Bu sərgidə təkcə rəssam tələbələrin deyil, böyük çoxluqla peşəkar rəssamlarımızın yenicə, necə deyərlər, "isti-isti" çəkdiyi rəsmlər sərgilənirdi. 

II Qarabağ müharibəsi dövründə Art Konsulun təşkilatçılığı ilə Qoşa Qalada rəssamlar yığışaraq Qarabağa aid əsərlər işlədilər. Bu işləri əvvəlcə onlayn, karantin qaydaları yumşalanda isə canlı şəkildə sərgilədilər və satdılar. Satışdan gələn gəlir isə Yaşat Fonduna köçürüldü.

Heydər Əliyev Fondunun Qarabağda təşkil etdiyi Art Simpoziuma 13 ölkədən 30 rəssam qatıldı. Rəssamlar, demək olar ki, bütün bölgələri bir-bir gəzib, ermənilərin törətdikləri vəhşilikləri gördülər və kətan üzərinə köçürdülər.

Şuşada keçirilən "Xarıbülbül" festivalına rəssamlarımız cəlb edildi və onların Ağdamda, Şuşada yaratdığı əsərlər Cıdır düzündə sərgiləndi.

Sonrakı dövrlərdə başda Mədəniyyət Nazirliyi olmaqla, demək olar ki, bütün sənət qurumlarımız bu mövzunu prioritet məsələ kimi gündəmlərində saxladılar. Pandemiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qarabağ zəfərinə həsr olunmuş "Böyük qayıdış" adlı qısametrajlı film hazırladı. Bu, onların pandemiyadan sonrası üçün nəzərdə tutulmuş böyük layihələrinin kiçik parçası idi. Filmin bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Qarabağın məşhur simalarının - Molla Pənah Vaqif və başqalarının obrazlarının canlandırıldığı bu qısametrajlı əsər təkcə 1-ci və 2-ci Qarabağ müharibəsində həlak olanların deyil, tarixən bu torpaqda yaşayan, bu yurda şöhrət gətirən ulularımızın da müqəddəs ruhlarına ithafdır.

Teatrın sonrakı böyük layihəsi olan "Bir nəfəs qədər" tamaşası şəhid və qazilərimizə, eləcə də, onların qəlbi dağlı, başı dik analarına həsr olunub. Dahi Fikrət Əmirovun musiqisi əsasında hazırlanan səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamovdur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsi olan "Köhnə çamadanlar" adlı yeni ekran əsəri hazırlandı. Müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi, real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Layihənin rəhbəri Pərvinə İsmayılovadır.

Ötən ilin noyabrında, yəni Zəfərimizin ildönümü ərəfəsində Azərbaycanda məhz Qarabağ mövzulu iki böyük teatr festivalı keçirildi. Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Qalib olan Azərbaycan" adlı tamaşalar festivalında müxtəlif teatrların və fərdi şəxslərin tamaşaları nümayiş etdirildi.

Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkil etdiyi "4.4" Qısa Tamaşalar Festivalında Bakı ilə yanaşı, ölkəmizin 8 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşa göstərildi. Bir festivalda 22 tamaşa... Bəs deyirdiz, sənət adamları bu mövzudan kənar düşüb..?

Yaxın zamanlarda Bakı Bələdiyyə Teatrı 31 Mart soyqırımı və bütün müharibələri mövzu alan "Sən qayıdacaqsan" tamaşasını geniş ictimaiyyətə təqdim etdi. 

Bundan başqa ayrı-ayrı teatrlarımız Zəfərlə bağlı videoçarxlar, tamaşalar hazırladılar. Hətta region teatrları da bu məsələyə biganə deyil. Qəbələdə "Qələbə" tamaşası (Nargilə Rəhman), Şabran Xalq teatrında "Xarıbülbül" (Aybəniz Əliyar) əsərləri göstərilib. Yevlaxda B.Səfəroğlu adına Xalq Teatrında G.Rəhimlinin "Elman və Sənubər" əsərinin motivləri əsasında Əməkdar Mədəniyyət işçisi Zöhrə Adıgözəlovanın səhnələşdirdiyi "Zəfərin mübarək, Azərbaycan!" tamaşası bütün yaxın rayonlarda nümayiş etdirilib. 

ADMİU-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət "Şuşa İli - Şuşa Zəfəri" adlı sərgisi açıldı.

Musiqimiz də bu proseslərdən kənarda qalmadı. Şair Qabil Ədalətin sözlərinə müxtəlif bəstəkarlarımız mahnılar bəstələdi. "Arəstə" (Firuzə İbadova), "Azərbaycan günəş kimi doğuldu" (Nuriyyə Hüseynova), "Şəhid qardaşım" (Mətanət İsgəndərli), "Qardaşlıq himni" (Vaqif Şıxəliyev), "Şəhidlər" (Fərqanə Qasımova və Suma Tapdıqova), "Poladlara salam olsun" (Babək Niftəliyev) və sair kimi mahnılar bunların sadəcə bir qismidir. 

Eləcə də şair, publisist Rəşad Məcidin sözlərinə Əməkdar artist Xumar Qədimova "Şuşa" mahnısını bəstələdi. Bu mahnı rəğbətlə qarşılandı, kifayət qədər əks-səda doğurdu.

Şairlər İlqar Fəhmi ilə Səlim Babullaoğlunun yeni hərbi marşı, Akademik Milli Dram Teatrının hazırladığı "Zəfər yolu" tamaşası, Azərbaycan Yazıçılar Birliyinin Qarabağa həsr olunan antologiyaları, ayrı-ayrı yazıçılarımızın, şairlərimizin irili-xırdalı yüzlərlə müharibə-qələbə mövzulu əsərləri "mədəniyyətimiz zəfərə biganə yanaşır" cümləsinin nə qədər haqsız və ədalətsiz olduğunun ən gözəl sübutudur. 

Həmçinin, təvazökarlıqdan uzaq olsa da, deyək ki, "525-ci qəzet" bu dövrdə təkbaşına çox mühüm işlərə imza atdı. Mənim müəllifliyimlə düz bir il hər həftə yayımlanan "Əbədiyyətdəki əziz ünvanlarımız" adlı silsilə məqalələrdə xalqımız minlərlə şəhid oğlunu tanıdı. Təəssüf ki, o silsilədən sonra çap olunan əksər kitablarda mənbə kimi istifadə olunsa da, mən uzun müddətlik zəhmət sayəsində əmələ gələn silsiləmi hələ də kitab kimi nəşr etdirə bilməmişəm. Baxmayaraq ki, 3 cildlik kitab materialı çoxdan hazırdır. Eləcə də, mənim və digər qələm yoldaşlarımın "525"də çap olunan yazılarından cildlərlə kitablar nəşr etdirmək olar. Mənim uzun zamandan bəri kompüterimin "iş masa"sında qalıb "bəxtinin açılacağı" günü gözləyən "Ağ-qara Şuşa" kitabımı da yazılıb, nəşr edilə bilməyən, ona görə də nəzərdən kənarda qalan əsərlər siyahısına daxil edilməsi yerinə düşərdi.

Xəbər lenti