Niderlandın Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitabın holland və türk dillərində təqdimat mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə şəhərin “Transval” kitabxanasında təşkil olunan tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I müavini Səbinə Sadıxova, Türkiyə səfirliyinin Niderland Krallığındakı nümayəndəsi Ozan Can Gümüş, Qərbi Azərbaycan İcmasının sədr müavini, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva, Azərbaycan, Türk və yerli icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dərnəyin sədri İlhan Aşkın qonaqları salamlayıb. Müəllif Orxan Aras qüdrətli söz ustadının ölməz yaradıcılığından, holland və türk dillərində kitabın çap olunmasının əhəmiyyətindən danışıb.
Sonra diaspor fəalları Sima Cəfərova, Ofelya Mehdiyeva və Yusif Can şairin şerlərini söyləyiblər. Tədbir şairin qəzəllərinə bəstələnmiş musiqi parçalarının təqdim olunması ilə davam edib.
Tədbirin sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın və Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva bir qrup diaspor və dərnək üzvünə diaspor fəaliyyətindəki xidmətlərinə və müharibə qazilərinə göstərilən dəstəyə görə təşəkkürnamələr təqdim ediblər. Onların arasında Orhan Aras, “Kros Medical” şirkətinin müdüri Ron Gelzelle, Aydəmir Çətin, İmam Əfəndiyev, Mehman Haqverdiyev, İrfan Parlar, Müşviq Mikayıl, İmdat Sakruca olub.