Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən ənənəvi illik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisi olduğunu bildirib.
Qeyd olunub ki, Heydər Əliyev tərəfindən əsası qoyulan bu uğurlu siyasət indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində ciddi islahatlar həyata keçirilir.
Həmçinin İ.Cəfərov tələbələrin tədrislə bərabər, universitetin ictimai fəaliyyətlərində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıb. Rektor bildirib ki, belə fəaliyyətlər içərisində TEC dərnəkləri mühüm rola malikdir.
Konfransda universitetin bütün fakültələrindən tələbələr müxtəlif mövzularda təqdimatlar ediblər.
ADAU-da ikili diplom proqramı çərçivəsində fəaliyyət göstərən EGE Universitetinin bir qrup professor-müəllim heyəti tədbir haqqında öz fikirlərini səsləndiriblər.
Sonda çıxış edən tələbələrə hədiyyələr təqdim olunub.