Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU-dan bildirilib ki, professor-müəllim heyətinin, tələbələrin, şəhid ailələri və qazilərin, Milli Qəhrəmanın ailə üzvlərinin iştirak etdikləri tədbirdə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid jurnalist Alı Mustafayevin şərəfli ömür yolu və mətbuatdakı fəaliyyəti haqqında danışıb.
Sonra Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən Alı Mustafayevə həsr olunmuş “Alı zirvəsi” adlı sənədli film nümayiş olunub.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli, filialın baş müəllimi Mustafa Mustafayev, filmin rejissoru, Milli Kino Mərkəzinin rəhbəri Kəmalə Musazadə çıxış edərək Milli Qəhrəmanın nəsillərə örnək olan ömür yolundan və poetik yaradıcılığından bəhs ediblər.
Tələbələr şəhid jurnalistin şeirlərini söyləyiblər.
Alı Mustafayevin bacısı Nazlı Yaqubova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.