Logo

Anar Kərimov Xaçmazda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTO

15.04.2022 20:55 511 baxış
IMG

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov aprelin 15-də Xaçmazda vətəndaşlarla görüş keçirib. 

Tehsil.biz xəbər verir ki, görüşdən sonra nazir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə və Xaçmaz Dövlət Rəsm Qalereyasına baxış keçirib.

Nazirə məlumat verilib ki, 2013-cü ildən yeni binada fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyinin binası öz arxitekturası ilə ölkəmizin memarlıq mənzərəsində fərqlənir. Muzey binasının şəhərdəki “Şəxsiyyətlər parkı” ərazisində yerləşməsi “muzey içində muzey” mənzərəsi yaratmaqla ziyarətçilərin diqqətini cəlb edir.

2007-ci ildə fəaliyyətə başlayan Dövlət Rəsm Qalereyası isə 2014-cü ildə yeni binasında qərar tutub. Ümumilikdə 1050 m² sahəsi olan qalereyanın ekspozisiya zalında 100-dən çox təsviri sənət nümunəsi sərgilənir. 

Səfər çərçivəsində mədəniyyət naziri Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasına da baxış keçirib. Qeyd olunub ki, MKS-nin 560 min nüsxədən çox kitab fondu var.

Xaçmaz şəhər uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, 2021-ci ildə əsaslı təmir olunan musiqi məktəbində 435 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 104 müəllim məşğul olur. Uşaq İncəsənət məktəbində musiqi, xoreoqrafiya və rəssamlıq şöbələri fəaliyyət göstərir. Burada fortepiano, xanəndəlik, skripka, tar, qarmon, nağara, kamança, klarnet, rəssamlıq, xoreoqrafiya fənləri tədris olunur.

Nazir hər iki təhsil ocağında tədrisin müasir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.  

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinə gələn Anar Kərimov burada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi sahəsi 1014 m² olan üçmərtəbəli mərkəz 15 otaq və 350 yerlik zaldan ibarətdir. 

Nazir Xaçmaza səfəri zamanı dini abidə və Dəmiryol vağzalına da baxış keçirib. Vağzalla tanışlıq zamanı qeyd olunub ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa olunan bina yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Xəbər lenti