2022-ci ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı çərçivəsində “Beynəlxalq maliyyə bazarlarında risklər” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov məruzə ilə çıxış edib.
Məruzədə professor dünya valyuta, kredit və maliyyə bazarlarında müasir vəziyyət, maliyyə bazarlarına təsir edən amillər, Avropa valyuta bazarının beynəlxalq valyuta bazarına təsiri, risklərin idarə edilməsi, valyuta məzənnəsinin sabitliyinin qorunması və digər məsələlərdən bəhs edib.
Tələbə və magistrantlar tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsilalanların bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.