Logo

“Təmiz heykəl” adlı layihənin ilkin mərhələsi həyata keçirilib - FOTO

18.04.2022 18:34 447 baxış
IMG

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə 18 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı və sahə üzrə mütəxəssislərin iştirakı ilə “Heykəlləri qoruyaq” şüarı altında “Təmiz heykəl” adlı layihənin ilkin mərhələsi həyata keçirilib.

Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, layihənin başlıca məqsədi ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır.

Layihə çərçivəsində müasir və tarixi memarlıq nümunələrinin vəhdətində özünəməxsus gözəlliyi ilə seçilən paytaxtımızın ərazisində ucaldılmış qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələrindən olan heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarət edilməsi, təbiət hadisəsi və insan faktorunın təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulub.

2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ildə ölkəmizin bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Məhz buna görə də, “Təmiz heykəl” adlı layihəyə Xurşidbanu Natəvanın heykəlinin yuyulması ilə start verilib.

Layihənin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək ölkəmizin ərazisində ucaldılmış Azərbaycanın dahi şəxsiyyətlərinə həsr olunmuş yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan heykəl, büst və barelyeflərə xüsusi diqqətin göstərilməsinin Nazirliyin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Tədbirdə Xurşidbanu Natəvanın heykəlinin müəllifi, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov heykəlin yaranma tarixindən bəhs edib.

Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Elçin Əhmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, tarixçi Fuad Axundov, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov çıxış edərək heykəllərə diqqətin göstərilməsinin vacibliyindən, həmçinin Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyətində və ictimai həyatında rolundan danışıblar.

Layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri - Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundzadə, Mikayıl Müşviq, Mehdi Hüseynzadə, Nəsimi, Fikrət Əmirov, Bülbül, Niyazi, Hacı Zeynalabdin Tağıyev, Yusuf Məmmədəliyev, Səməd Vurğuna həsr olunmuş heykəl və büstlərin, “Kitabi-Dədə Qorqud” və "İstiqlal” abidələrinin, həmçinin Aleksandr Puşkin və Volfqanq Amadey Motsartın heykəlləri yuyulub.

Xəbər lenti