Gəncə şəhər 8 saylı məktəbin şagirdləri arasında baş verən insidentə aydınlıq gətirilib.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev jurnalistlərə açıqlamasında xəstəxanaya yerləşdirilən şagirdin vəziyyətinin hazırda kritik olmadığını deyib.
O qeyd edib ki, hadisə məktəbin dəhlizində baş verib: “Zərərçəkmiş məktəbli dərhal xəstəxanaya yerləşdirib. Lazımi tədbirlər görülüb. Həkimlərin rəyinə görə, vəziyyəti kritik deyil, bir neçə gün xəstəxanada qalması tövsiyə edilib. Bu baxımdan da 3 gün ərzində şagirdimiz xəstəxanada qalacaq və həkimlərin nəzarətində olacaq”.
Təhsil İdarəsinin rəhbəri bildirib ki, hələlik hadisənin hansı səbəbdən baş verməsi məsələsinə tam olaraq aydınlıq gətirilə bilmir: “Polisin rəyini gözləməli olacağıq. Məlumata görə, şagirdlər arasında bundan əvvəl də konflikt olub”.
Qeyd edək ki, Gəncədəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi olan qız sinif yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.