Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 19-u Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, bəstəkar Səid Rüstəmovun 115 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tehsil.biz xəbər verir ki, konsert bəstəkarın həyat və yaradıcılığından bəhs edən video çarx ilə başlayəb.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova ön söz ilə bəstəkarım yaradıcılıq irsinin zənginliyindən danışıb. Eyni zamanda bəstəkarın tələbəsi, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov öz çıxışı ilə Səid Rüstəmovun pedaqoji fəaliyyətinin incəliklərindən bəhs edib.
Konsertin bədii hissəsi Dövlət Mahnı Teatrının solistlərinin ifasında Səid Rüstəmov mahnı yaradıcılığının bir birindən gözəl və unudulmaz əsərlərinin ifası ilə davam etdirilib.
Konsertdə Xalq artsitləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, Əməkdar artist Aygün Qurbanova, teatrın solistləri Rövşən Qəhrəmanov, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli bəstəkarın unudulmaz mahnılarını böyük şövq və həvəslə ifa ediblər. Konsert boyu müğənniləri teatrın ansamblı müşayiət edib. Ansamblın musiqi rəhbəri, tarzən Mirxalid Salayevdir.
Konsertdə yaddaqalan məqamlardan biri də teatrın bədii rəhbəri, Xalq artisti Salman Qəmbərovun bəstəkarın bir neçə mahnısını işləyərək yeni üslubda təqdim etməsi olub.