Logo

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edilib - FOTO

21.04.2022 11:44 393 baxış
IMG

Bu gün milli teatr və kino sənətimizin unudulmaz siması, zəngin mədəniyyət salnaməmizdə silinməz izi olan böyük sənətkar, Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi  sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.

Görkəmli aktrisanın həyat yoluna nəzər salan Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev unudulmaz aktrisa ilə bağlı xatirələrini danışıb və vaxtı ilə Nəsibə xanımın möhür vurduğu tamaşaların yeni quruluşda səhnəyə hazırlanmasından söhbət açıb:

​ “Azərbaycan teatrında elə unudulmaz sənətkarlar var ki, illər, qərinələr keçsə belə, heç vaxt unudulmayacaq. Onlardan biri də Nəsibə xanım Zeynalovadır. Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 106-cı ildönümü tamam olur. Sevilən gülüş ustasının oynadığı tamaşalar, çəkildiyi filmlər hər zaman xatirimizdədir. Bu gün Nəsibə xanımın məzarını ziyarətə gələn aktyorlarımızın bəziləri onunla eyni səhnəni bölüşüblər, bəzilərinə isə bu xoşbəxtlik nəsib olmayıb. Mən özümü xoşbəxt sənət adamı hesab edirəm ki, elə korifey sənətkarla ünsiyyətim olub. Nəsibə xanımın oynadığı bəzi tamaşalar hələ də  teatrımızın repertuarındadır...

Bu yaxınlarda “Qaynana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli Qaynananı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik.  

Sözlərimi həm məsuliyyətlə, həm həyacanla qeyd edirəm ki, bu tamaşaya Nəsibə xanımdan sonra müraciət  olunmayıb.

Daha bir tamaşa da hazırlanır, teatrsevərlər “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Onun quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. Nəsibə xanıma  həsr olunan bu tamaşalar bizim teatrda öz layiqli yerini qoruyacaq. O, ümumxalq məhəbbətini və rəğbətini qazanmış fitri istedada malik böyük sənətkar idi… Onun haqqında danışmaqla bitməz... Allah rəhmət eləsin. Ruhu şad olsun”.

Xəbər lenti