Logo

“Yeni adlar” layihəsi çərçivəsində növbəti musiqi axşamı keçirilib - FOTO

21.04.2022 16:37 462 baxış
IMG

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi milli musiqimizin, mədəni irsimizin qorunmasına, ifaçılıq sənətinin inkişafına töhfə vermək, Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, onların estetik zövqünün formalaşmasına, istedadlı gənclərin üzə çıxmasına və geniş auditoriyada tanınmasına yardımçı olmaqdır.

Aprelin 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti layihə üzrə musiqi axşamı gerçəkləşib. Azərbaycan Milli Konservatoriyasının məzunları, respublika və beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Atabəy İsmayılovun (hər ikisi tar) iştirakı ilə konsert proqramı keçirilib.

Musiqi axşamında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Konsertdə gənc musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiət edirdi. Gecədə Musa Mirzəyevin "Azərbaycan rəqsi", Niyazinin "Qaytağı", Hacı Xanməmmədovun kamança və orkestr üçün konsert (tar üçün işləmə), tar və orkestr üçün 2 nömrəli konsert əsərləri ifa olunub. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə mötəbər konsert zallarında ifasına şərait yaradılması onların inkişafı üçün böyük stimuldur.

Xəbər lenti