TƏBİB Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun anası Mədinə Osmanovanın oğlunun qəfil dünyasını dəyişməsində həkim səhlənkarlığı və biganəliyinin olması barədə yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2007-ci il təvəllüdlü Osmanov Ramal Zaur oğlu 10 aprel 2022-ci il tarixində saat 15:40 radələrində Sumqayıt Şəhər Uşaq Xəstəxanasına burun qanaması diaqnozu ilə daxil olub:
“Xəstəyə venadaxili qan qatılaşdırıcı inyeksiyalar olunub və plazma köçürülüb. İlkin yardım göstərildikdən və uşağın vəziyyəti stabilləşdikdən sonra onun qan xəstəliyinin olduğu təsbit edilib və ailəyə təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakıya müvafiq tibb müəssisəsinə göndərilməsi təklif edilib. Ailə tərəfindən övladlarının öz müalicə həkiminin olduğu və özəl tibb müəssisəsinə aparacaqları bildirilib, daha sonra yazılı razılıqlarına (iltizamnamə) əsasən, öz istəkləri ilə uşaq xəstəxanadan çıxarılıb”.
“Daha sonra ailə tərəfindən uşaq özəl klinikada əməliyyat edilib və bir gün nəzarətdə saxlanılıb. 11 aprel tarixində R.Osmanovun özəl xəstəxanada vəziyyəti pisləşdikdə Təcili Tibbi Yardıma müraciət edilərək 23:00-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Növbətçi həkimlər təcili yardım maşınında ilkin tibbi yardım göstərildikdən sonra lor (qulaq, burun) sahəsi üzrə ixtisaslaşmış A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yönləndirilib. R.Osmanov yolda olarkən dünyasını dəyişib”.