Təhsil Nazirliyinin e-Olimp vebsaytına texniki dəstəyin könüllülər tərəfindən göstərildiyi müəyyən edilib.
APA xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı yoxlamalarla bağlı hesabatda qeyd olunub.
Bildirilib ki, bu, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin vəsaiti hara xərclədiyini müəyyənləşdirməyə imkan verməyib.
"E-test.edu.az və e-sinif.edu.az veb-saytlarında təhlükəsizlik mexanizmlərinin olmaması və istifadəçi saylarının uçotunun aparılmaması, habelə auditlə əhatə olunan dövrdə onlara vizual yeniliklərin edilməməsi, e-test.edu.az saytında müşahidə edilən vizual qüsurların aradan qaldırılmaması, e-resurs.edu.az vebsaytının yalnız xarici keçidlərdən ibarət olması, e-Olimp vebsaytına texniki dəstəyin könüllülər tərəfindən göstərilməsi fonunda İdarə tərəfindən buna dair hesabatlılığın təmin edilməməsi qeyd edilən resurslara texniki dəstək məqsədilə İdarə tərəfindən xərc edilən vəsaitin konkret olaraq hansı işlərə sərf edildiyini müəyyənləşdirməyə imkan verməyib”, - sənəddə qeyd olunub.
Həmçinin hesabatda göstərilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" da tam icra edilməyib: "2019-cu ildə ölkədəki ümumtəhsil müəssisələrinin 79,7%-i, 2020-ci ildə isə 75,4%-i internetə çıxışla təmin olunub, bununla da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş 2015-2020-ci illərdə “hər bir təhsil müəssisəsinin internetlə təmin edilməsi” bəndinin icrası təmin edilməyib".
Digər tərəfdən, Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ölkə başçısının 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndakı tədbirlər də tam yerinə yetirilməyib.