Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhkəm təmələ əsaslanan Azərbaycan-Qırğızıstan münasibətləri ötən müddətdə bu varislik sayəsində iki ölkə arasında əlaqələr uğurla inkişaf edib. Ulu öndər Heydər Əliyevin qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Şübhəsiz ki, bu əməkdaşlığın möhkəmlənməsinə xalqlarımız arasında dərin tarixi və mənəvi köklərin mövcudluğu da mühüm təsir göstərib. İki ölkə arasında bütün dövrlərdə hər hansı bir siyasi ziddiyyətin yaranmamasında da özünü qabarıq büruzə verib.
Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. “Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə”nin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb.
İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.
Ölkə başçısı cənab İlham Əliyev adı çəkilən bəyannamənin önəmini diqqətə çatdıraraq qeyd etmişdir: “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb.
Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”.
Bu gün hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarır. Buna görə də Qırğız Respublikasının dövlət başçısı Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib.
Eyni zamanda, kənd təsərrüfatı sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.
Göründüyü kimi, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə Ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Günay Məhərrəmova,
ADPU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri