Logo

Azərbaycanda XIV Rus dili Olimpiadasına start verilib

23.04.2022 18:56 366 baxış
IMG

Bakıda rus dili üzrə hər il keçirilən Olimpiadaya 14-cü dəfə start verilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, builki Olimpiada bir neçə əlamətdar tarixə - Şuşa İlinə, Qarabağ xanlığının Baş vəziri, tanınmış siyasi və ictimai xadim, məşhur şair Molla Pənah Vaqifin anadan olmasının 305-illiyinə və, Şərqdə ilk diplomat qadın, şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilib.

İki mərhələdən ibarət olacaq Olimpiadaya bu il iyun ayında yekun vurulacaq. Olimpiadanın qaliblərinə, məktəb direktorlarına və fəal iştirakçılara mükafatlar təntənəli mərasimdə təqdim ediləcək.

Rus dili Olimpiadası Bakıdakı Rus evinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Azərbaycan Dillər Universiteti tərəfindən keçirilir.

Xatırladaq ki, 2021-ci il Olimpiada böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmişdi. Mürəkkəb epidemioloji şəraitə baxmayaraq həmin Olimpiadada 338 məktəbin 3500 şagirdi onlayn formatda iştirak edib.

Xəbər lenti