Təhsil naziri Emin Əmrullayev “Həmrəylik Günü” və “Vətən müharibəsi”ndəki qələbə münasibəti ilə xaricdə akademik fəaliyyətlə məşğul olan, dünyanın aparıcı universitetlərində çalışan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib.
Görüşün əsas məqsədi xaricdə akademik fəaliyyətlə məşğul olan soydaşlarımızın ölkəmizdə təhsil sahəsinin inkişafı ilə bağlı təkliflərini dəyərləndirmək, eyni zamanda bu sahədə aparılan islahat və görüləcək işlər barəsində həmyerlilərimizi məlumatlandırmaqla yanaşı, onların bu prosesə fərdi töhfəsini müəyyən etməkdən ibarət olub.
Görüşdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, dünyanın qabaqcıl xarici ali təhsil müəssisələrində elmi araşdırma ilə məşğul olan məzunlar, eyni zamanda digər təqaüd proqramları və ya şəxsi vəsaiti hesabına xaricdə təhsil almış və hazırda xarici ali təhsil müəssisələrində akademik heyətdə təmsil olunan şəxslərin bir qismi iştirak edib.
Tədbir iştirakçıları ölkəmizdə elm və təhsilin inkişafı üçün xarici təcrübədən yararlanmaq məqsədi ilə fikir mübadiləsi aparıb, ali təhsil müəssisələrində tədris və tədqiqatın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər.
Sonda təhsil naziri Emin Əmrullayev görüş iştirakçılarını Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, hər birinə uğurlar arzulayıb.
Qeyd edilib ki, görüşdə səsləndirilən təkliflərin aidiyyəti üzrə dəyərləndirilməsindən sonra xaricdə akademik müstəvidə təmsil olunan soydaşlarımızın tədris, təlim və tədqiqat imkanları üzrə töhfəsi nəzərdən keçiriləcək və ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.