Kulis.az Henri Millerin “Yazıçılıq barədə düşüncələr” adlı essesini təqdim edir.
Nə vaxtsa Knut Hamsun anket suallarını cavablandırarkən qeyd etmişdi ki, o, yazılarını məhz vaxtı öldürmək məqsədilə qələmə alır. Fikrimcə, K.Hamsun öz dediklərində, hətta səmimi olsa belə, yenə səhvə yol verib. Yazıçılıq da həyat kimidir, məqsədə çatmaqdan ötrü səyahət etmək, dünyanı gəzib dolaşmaq, metafizik macəralara baş vurmaq, dolayısı ilə reallıqları qavramağı bacarmaq xüsusiyyətlərinə malik olmaq lazımdır. Yazıçı şüuru varlığın üst qatı ilə aşağı qatı arasında ömür sürməklə həyat yoluna qədəm basır, nəticədə isə özü də bu yolun sonuna gedib çıxır.
Mən yazıçılığa müxtəlif ideyalar, hiss-həyəcanlar və həyat müşahidələri bataqlığında ilişib qalmaqla, büsbütün çaşqınlıq və özünü itirmiş vəziyyətdə başlamışam. Hətta bu gün də özümü, əvvəlki kimi, sözün həqiqi mənasında yazıçı hesab etmirəm. Mən öz həyatım haqqında söz açan, danışan sadə insanam. Söylədiklərim uzandıqca, onları bitmiş hesab etmirəm. Dünyanın təkamülü kimi hekayətimin də sonu yoxdur.
Mən, demək olar ki, elə ilk addımlarımı atdığım vaxtdan başa düşdüm ki, burada heç bir ideya, məqsəd və məna mövcud deyil. Bununla belə, öz düşüncələrimi, fikirlərimi hər fəsildə, hər kitabda tam və bütöv təsvir etməyə, keçmiş və gələcək həyatın bütün cizgilərini kotan kimi dərindən qazmağa çalışıram. Bax beləcə hər gün qazmaqda davam etdikcə, adamda ehkamdan və ya etiqaddan da əhəmiyyətli olan inam hissi yaranır. Bu zaman yazıçı kimi fəaliyyətimə daha artıq laqeyd münasibət bəsləyirəm, əvəzində isə taleyimə, qismətimə inamım getdikcə artıb-çoxalır.
Yazıçılığa başlamazdan öncə mən əsərlərini dönə-dönə oxuduğum, şəxsiyyətlərinə dərin hörmət bəslədiyim Nitsşenin, Dostoyevskinin, Hamsunun, hətta Tomas Mannın üslubiyyatını və texnikalarını səylə öyrəndim. Necə yazmaq sirrinin açarını tapana qədər müxtəlif üsul və qaydaları təqlid etməyə başladım. Amma hər şey mənim dalana dirənməyimlə sona yetdi. İztirablar və ümidsizlik məni ağuşuna aldı. Məsələ burasında idi ki, daxilən özümdə yazıçı ilə insanı ayırmağı bacara bilmirdim. Yaradıcılıq uğursuzluğu isə mənim üçün taleyimin uğursuzluğuna bərabər idi. Amma, həqiqətən də, mən uğursuzluğa düçar oldum. Başa düşürdüm ki, yazdıqlarım dəyərsiz bir şeydən savayı heç nədir. Bax, bütün bunları dərk etməklə, nəhayət, ölü Sarqasso dənizinin dərinliklərinə baş vurandan sonra, həqiqətən də, necə yazmaq lazım olduğunu öyrənə bildim. Hər şeyi isə sıfırdan başladım. Bütün əlyazmalarımı, hətta mənə əziz olanları belə cırıb tulladım. Elə ki, özümə məxsus səs-sədanı eşitdim, vəcdə gəldim: bu səsin yalnız mənə məxsus olmağından, heç bir özgə səsə oxşamamasından, unikallığından heyrətə gəlmişdim. Artıq mənim üçün qələmə aldığım əsərlərin “yaxşı” və ya “pis” qiymətləndiriləcəyinin heç bir əhəmiyyəti yox idi. Bu iki sözü hətta öz leksikonumdan da çıxarmışdım. Mən tamamilə əxlaq, etika və məişət məsələləri ilə heç bir ümumi bağlılığı olmayan ədəbi mühitə, sənət səltənətinə sakin olmuşdum. Həyatım isə sənət əsərinə çevrilmişdi. Bununla belə, öz səsimi tapmış, daha güclü varlığa yiyələnmişdim. Buna qədər isə ümidsizlik girdabında çabalamaqla çoxlu maneələri dəf etmiş, hətta ən son nöqtəyə çataraq zülmətə yuvarlanmışdım.
Yaxşı bilirəm ki, yazıçı olmadan reallığa yaxınlaşmaq qeyri-mümkündür. İndi mən hansısa xüsusi, qeyri-qanuni vasitənin köməyi ilə az qavrayır, amma çox anlayıram. Hər şey mənə asan başa gəlir, daxili varlığımda məqsədə çatmaq, vəziyyətləri analiz etmək, onları birləşdirmək, ad vermək, faktları ümumiləşdirib birbaşa ifadə etmək xüsusiyyətləri yaranmışdır. Şeylərin strukturunu təşkil edən predmetlər indi çox asanlıqla gözlərimin önündə canlanır. Qeyri-iradi olaraq hər cür şərhlərdən, izahlardan uzaq durmağa çalışıram: onlar nə qədər asan görünürlərsə, əsl sirr bir o qədər dərinləşir. Mənə məlum olan şeylər isə daha da anlaşılmaz olur.
Mən yalnız özüm üçün yaşayıram, amma əsla fikirləşməyin ki, eqoistəm və ya həddindən artıq özümə vurulmuşam. Sadəcə öz həyatımı yaşamağa və bununla dünyada şeylərin balansını saxlamağa kömək edirəm. Demək olar ki, hər gün bütün vasitələrlə hərəkətə, doğuşa, ölümə, dəyişkənliyə, kosmosda baş verənlərə kömək etməyə çalışıram. Nəyim varsa, verməyə, xərcləməyə hazıram. Həm də bunu həvəslə edirəm, amma seçimi də özümdə saxlayıram, nə qədər yeri varsa, mümkündürsə, seçib yerləşdirirəm. Mən həm tacdaram, həm də quldur. Bərabərliyin, Qız bürcü ilə Əqrəb bürcünün ayrılmasından təşəkkül tapan Tərəzi bürcünün simvoluyam. Qənaətimcə, dünyada hər kəs üçün kifayət qədər yer vardır.
Məni yazmağa və ya yazmamağa heç nə məcbur etmir. Bütün əsərlərimi yalnız həzz almaq, əylənmək xatirinə qələmə alıram. Becərdiyim məhsullar beynimdə, düşüncəmdə yetişdikdən sonra ağacdakı kimi özləri yerə düşürlər. Tənqidçilərin və ya adi oxucuların onlar barəsində nə kimi mühakimə yürütmələri isə qəti vecimə deyil. Mən heç bir dəyər yaratmıram, yetişmiş məhsulu qidaya çevirməkdən ötrü sadəcə püskürdürəm. Mənim yazıçılığımda başqa heç nə yoxdur.
Gələcəkdə hansı kitablar üzərində işləyəcəyim barədə əvvəlcədən heç bir təsəvvürüm olmur. Fikirlərim, düşüncələrim ən etibarsız stimula yönəlir. Əhval-ruhiyyəmdən asılı olaraq elə yoldaca nəsə yazıb-pozur, fikirləşir, uydurur, kifirləşdirir, deformasiya edir, boş yerdəcə tapır, şişirdir, səhv salır, kəsib doğrayıram. Belədə yalnız öz duyğularıma, intuisiyama tabe oluram. Qabaqcadan mənə heç nə məlum deyil. Çox vaxt hadisələri təsvir edərkən özüm də heç nə anlamıram. Amma onu bilirəm ki, sonradan onlar aydınlaşaraq mənim üçün hansısa bir məna kəsb edəcək. Mən qələm əhli olan insana, daha dəqiq desəm, yazıçı kimi özümə inanıram. Amma hətta ən mahir yazıçının qələmindən çıxmış sözlərə isə qətiyyən inanmıram. Bununla belə, ədəbi məhsulun dilinə inamım daha çoxdur. Çünki dil ilə müqayisədə söz yalnız təhrifedici illüziya yaratmağa qadirdir. Sözlər ayrı-ayrılıqda mövcud olmur, onlar yalnız alimlər, o cümlədən, etimoloqlar, filoloqlar və digərləri üçün ayrı-ayrılıqda işlənə bilər. Dildən ayrılıqda işlənən sözlər isə lüzumsuz şeyə çevrilir və onlardan hər hansı bir sirr əldə etmək mümkünsüz olur.
İstərdim ki, mənim sözlərim sərbəst, azad üzsünlər. Amma bu idealı həyata keçirməkdə aciz olduğumu qabaqcadan bilirəm və buna görə heç də narahatlıq hissi keçirmirəm. Əslində, dünyanın özü də sözün həqiqi mənasında uğursuzluqlara düçar olmuşdur. Bunu dərk edərkən uğursuzluq hiss edilmədən keçib gedir.
Deyilənlərə görə, mən inqilabçıyam. Əgər elədirsə, onda bu söhbət mənim iradəmin ziddinədir. Mən sülhün bərqərar olunmasının əleyhinə deyiləm. Amma özüm haqqında Bleza Sandraranın sözləri ilə belə deyərdim: “Mən inqilabiləşdirirəm”. Bu isə heç də inqilabçı olmaq demək deyil. Əlbəttə, müsbətlə mənfini ayıran arakəsmənin o biri tərəfində də yaşaya bilərdim. Ümumiyyətlə, mənə elə gəlir ki, belə bölgülərin üzərinə çıxaraq bu iki başlanğıcın hansısa harmoniyasını yaradıram. Hesab edirəm ki, sənətdən kənarda və onun təsir dairəsindən aralıda dayanmaq lazımdır. Sənət həyatın vasitələrindən biridir, həyat isə ondan daha səxavətli və əliaçıqdır. Məqsədə çevriləndə sənət özünə xəyanət etmiş olur. Sənətkarlar isə öz gücləri hesabına sənətə xəyanət etməklə onun üzərində hökmranlıq etməyə cəhd göstərirlər. Tam əminəm ki, haçansa bütün sənətlər yox olub itəcək. Amma sənətkar qalacaq, həyat isə “sənətin sahəsi” deyil, onun özü olmaqla, qəti və həmişəlik sənətə aid olan bütün sahələri əvəzləyəcək.
Kimsə bütün bu söylədiklərimi mistifikasiya kimi qələmə verəcək, amma mən, həqiqətən də, nəyə inandıqlarımı indi yalnız ifadə edirəm. Tamamilə doğru və səmimi olmaq mümkündür, bununla belə, kor-koranə yalan dediyini isə gizlətməyi bacara bilməzsən.
Çox vaxt düşünürəm ki, kitab yazıb bu və digər səhifələrin məndə necə yaranmasını oxucularıma başa salım. Yəqin ki, uğur qazanmış əsərlərimin səhifələrindən birisinin izahına dair hətta qalın cildli kitab da yaza bilərdim. Məsələn, yazardım ki, bu səhifəni necə düşünmüşəm, bu səhifə necə meydana gəlib, necə dəyişib, hansı əzablar bahasına yaranıb, bu yeri yazana qədər başımda hansı fikirlər dolaşıb, o zaman həftənin neçənci günü olub, özümü necə hiss etmişəm, əsəblərim məni narahat edibmi və s. və i. a. Həmçinin birini digəri ilə müqayisə etməkdən ötrü bir neçə səhifə barəsində də danışmaq olardı. Yaxud, bu səhifəni necə qələmə almağım, yorğan-döşəkdən qalxmamış ona əlavələr etməyim, paltarlarımı geyindikdən sonra masa arxasına keçib bir daha onun üzərində işləməyim barədə də yaza bilərdim.
Onu da qeyd edim ki, öz yazdıqlarımı sözbəsöz olmasa da, kifayət qədər dəqiq və aydın yadda saxlaya bilirəm. Mənim kitablarım tarla kimidir, onları geodeziya mütəxəssisi kimi diqqətlə araşdırmışam. Həm də bu işi isti kabinetdə deyil, uzun həftələr boyunca hava şəraitindən asılı olmayaraq dişimlə, dırnağımla yer qaza-qaza yerinə yetirmişəm. Qısası, iş mənim üçün əvvəlki kimi cari yaşayış qayğısına çevrilmiş, hətta deyərdim ki, buna bir növ adətkardə olmuşam. Kitabın sonluğuna gəlincə, mən bunu sırf fiziki iş hesab etmişəm: belədə vəziyyəti dəyişmək lazım gəlir. Kitabı min cür sonluq ilə başa çatdırmaq mümkündür. Onun heç bir hissəsi deyərdim ki, tam bitmir. Şəxsən mən hər hansı kitabın istənilən yerindən yeni kanallar və tunellər qazmaqla, təzə evlər, fabriklər, körpülər tikməklə həmin əraziləri yeni sakinlərlə doldurub, fauna və flora ilə zənginləşdirərək hadisələri davam etdirə bilərəm. Onu da bildirim ki, əsərlərimin nə girişi, nə də finalı olur. Bununla belə, istənilən başlanğıc – kitabınmı, səhifəninmi, abzasınmı, ifadəninmi – yeni həyat əlaqələrini bir-birinə bağlayır. Bax, hər dəfə yenidən bu fikirlərin və hadisələrin həyatiliyinə, fasiləsizliyinə, vaxtsızlığına, dəyişkənsizliyinə baş vururam. Hər söz, hər sətir – cismən yalnız mənim həyati varlığımla bağlıdır. Özüm də sanki hörümçək kimiyəm – həyat amalıma sadiq qalaraq elə hey toxuyuram. Anlayıram ki, bu hörümçək toru mənim beynimin, yuxusuz gecələrimin məhsuludur və elə buna görə də heç vaxt nə məni tələyə salacaq, nə də heç vaxt qurumaz.
Boynuma alım ki, yazıçılıq həmişə məni özünə çəkib. Çünki yeganə məşğuliyyət olaraq açıq-aşkar bütün var-gücümü bu işə həsr etmişəm. Azadlığa doğru bu və ya digər yolların hamısını kişiyanə sınaqdan keçirmişəm. Yazıçılıq mənim üçün “qaçqınlıq”, yaxud da başqa sözlə desək, gündəlik qayğılardan özünü təcrid etmək olmayıb. Əksinə, daim axıb süzülən, ilin bütün fəsillərində çağlayan dumduru bulaq suyuna yetişmək ümidi ilə çirkli, zir-zibilli hovuzun ən dərinliklərinə baş vurmaq lazım gəlib. Geriyə nəzər salanda özümü hər işin, vəzifənin, tapşırığın öhdəsindən layiqincə gəlməyi bacaran insan kimi görürəm. Məni kədərləndirən, əhval-ruhiyyəmi korlayan isə bütün xarici həyatın monotonluğu və qeyri-münbitliyi olmuşdur. Mənə elə bir sultanlıq lazım idi ki, orada eyni vaxtda həm ağa olum, həm də qul. Belə bir sultanlıq isə yalnız sənət ola bilərdi. Və mən, heç bir xüsusi istedad yiyəsi olmadığım, heç nə bacarmadığım halda qorxu-hürkü ilə həmin dünyaya qədəm basdım. Kərpici kərpic üstə qoyaraq milyonlarla sözü bir-birinə pərçimlədim, axır ki, əsl sözün izinə düşə bildim. Rəvan danışmağı bacarırdım, amma bu, mənə mane olurdu. Məndə ziyalı insanın bütün qüsurları, nöqsanları cəmləşmişdi. Qarşımda isə fikirləşməyi öyrənmək, duymaq, ətrafı tamamilə yeni baxışlarla seyr etmək və belədə təhsilim barədə hər şeyi unutmaq kimi çətin bir vəzifə durmuşdu. Həmçinin özünü sel sularına atmaq da lazım idi. Halbuki boğulmaq təhlükəsi labüd idi. Əslində isə əksər yazıçılar özlərini sel sularına atmazdan əvvəl xilasedici jilet əldə edirlər. Amma bununla belə çox vaxt elə həmin xilasedici jiletlər onların məhvinə səbəb olur.
Tərcümə: Ağaddin Babayev