Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara başlanılıb.
Tehsil.biz xəbər verir ki, MEDİA Agentliyi və “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.
Seminarın ikinci mərhələsinin açılış mərasimində çıxış edən “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, media və kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar açır.
ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova MEDİA Agentliyi ilə keçirilən digər layihələr kimi bu layihənin də uğurla davam etdirildiyini bildirib. O, medianın inkişafının cəmiyyətimizə müsbət təsir etməsindən danışıb.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində ADA Universiteti ilə sıx əməkdaşlıq gözəl təşəbbüsdür. O, belə silsilə seminarların keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. Seminarda yerli və xarici mütəxəssislər çıxış edir, interaktiv müzakirə sessiyaları aparılır.