Logo

Mədəniyyət nazirinin birinci müavini Vinçenzo de Vivo ilə görüşüb

25.04.2022 17:14 453 baxış
IMG

Ölkəmizdə ilk dəfə olaraq keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində İtaliyada fəaliyyət göstərən “Akkademia D’arte Lirika”nın bədii rəhbəri Vinçenzo de Vivo Bakı şəhərində səfərdədir.

Tehsil.biz xəbər verir ki, dünyanın ən mötəbər vokal müsabiqələrinin münsiflər heyətinin üzvü olan italiyalı musiqi xadimi, Barokko dövrü musiqisinin mükəmməl bilicisi, professor Vinçenzo De Vivo istər bədii rəhbəri olduğu teatrların dünya səviyyəsində yüksək mövqeyi, istərsə də onlarla opera tamaşasına yazdığı librettoları ilə bütün dünyada məşhurdur.

Maestro “La Skala” teatrından başlayaraq Trevizo şəhərində yerləşən “Teatro Communale” teatrına qədər fəaliyyət göstərmiş, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərlə çalışmışdır.

Professor 2011-ci ildən bədii rəhbəri olduğu “Akkademia D’arte Lirika”da Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Almaniya, Fransa, Rusiya, Braziliya, Misir, Yunanıstan, İsrail və digər ölkələrdən gələn tələbələri dünya opera səhnəsinə hazırlamaqdadır.

Aprelin 25-də Mədəniyyət Nazirliyində təşkil olunan görüşdə İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova və festivalın bədii rəhbəri, Əməkdar artist İlham Nəzərov da iştirak etmişlər. Görüş çərçivəsində “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı barədə fikir mübadiləsi aparılmış, Azərbaycan və İtaliya arasındakı mədəni münasibətlər, o cümlədən ölkəmizdə klassik vokal məktəbinin inkişaf perspektivləri, mümkün birgə layihələr müzakirə edilmişdir.

“Barokko günləri” Beynəlxalq Musiqi Festivalı çərçivəsində 25 aprel tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Vinçenzo de Vivonun ustad dərsləri keçiriləcəkdir.

Xəbər lenti