2020-2021-ci tədris ilinin dekabr ayı ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən onlayn formatda təşkil olunan dərslərdə 25 233 qrup və dərnək üzvlərinin, 1 533 pedaqoji heyətin iştirakı təmin olunub.
Dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 17 uşaq-gənclər idman-şahmat məktəbi üzrə müxtəlif idman növlərində 15 766 məktəbli, 960 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhəri İdman Liseyi üzrə 2 898 məktəbli, 165 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 100-dən çox müxtəlif dərnək üzrə 6 569 şagird, 408 dərnək rəhbəri cəlb edilib.
Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər uşaqların fiziki sağlamlıqlarının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar.
Bundan əlavə, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” telekanalında həftəiçi yayımlanan "Dərs vaxtı" proqramı çərçivəsində məktəbdənkənar fəaliyyət, futbol və futzal idman növləri üzrə ustad dərsləri yayımlanır.
Qeyd edək ki, cari il ərzində ümumilikdə 45 mindən çox məktəblinin və 3 mindən çox pedaqoji heyətin məktəbdənkənar təhsil sahəsi üzrə onlayn dərslərdə iştirakı təmin edilib.