Logo

Ulu öndər Heydər Əliyev və doğma Azərbaycan dili

25.04.2022 18:25 434 baxış
IMG

Dil açanda ilk dəfə “ana” söyləyirik biz,

"Ana” dili adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə,

İçirir ruhumuza bu dildə  gilə-gilə. (B.Vahabzadə)

Azərbaycan  dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycan dili dövlət dili elan olundu. Hələ vaxtı ilə 22 iyun 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti olduğu bir müddətdə Heydər Əliyev Azərbaycanlıların Ümümrusiya Konqresinin təsis yığıncağında demişdir: “Azərbaycan dili bizim ana dilimiz, doğma dilimizdir, müstəqil Azərbaycan dövlət dilidir. Bu dili, yəni anadan gələn dili hər bir Azərbaycanlı bilməlidir”. 

“Azərbaycan Demokratik Cumhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir” deyən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin imzaladığı “Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 30 yanvar 1998-ci il tarixli sərəncamında göstərildiyi kimi, “... Azərbaycan Dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır”.

Uzun müddət pedoqoji fəaliyyətimdə mən Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə gərgin zəhmət bahasına başa gəlmiş ölkəmizin 1978-ci il 21 aprel və 1995-ci il 12 noyabr Azərbaycan Respublikası Konstitusiyalarında böyük xidmətlərini qeyd etmişəm. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsi haqqında bildirmişəm ki, Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.Həmçinin 45-ci maddədə də qeyd olunur ki, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Qocaman mətbuat işçisi , atam şair Məmməd Qəhraman söhbət əsnasında xatırlayırdı ki, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zamanlar universitetin tələbəsi olmuş atam qeyd edirdi ki indiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Ümumilli lider Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu çıxış etdi. Həmin vaxtlar bu bizi çox heyrətləndirdi. Çünki həmin dövrlərdə ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı deyərdi ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhməniyar, Nəsrəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Fizuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı onun doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması biz tələbələrə çox təsir etdi. Bəlkə də bizim daxilimizdə milli hisslərin,vətəndaş təəssüfkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüş öz təsirini göstərdi. Qadağaların hökm sürdüyü bir dövrdə Ulu öndər Heydər Əliyevin bu cəsarətli addımı, xüsusilə biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.

Yaxşı yadımdadır 1974-cü ilin oktyabrında – payız ayları idi,  Akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnstitutunun 2-ci kurs tələbəsi idim.Elmə, təhsilə böyük marağım var idi. Ədəbiyyat-tarix fakultə tələbə elmi cəmiyyətinin sədri idim.Naxçıvan MSSR –ın 50 illiyi günlərində Heydər Əliyev institutumuza gəlmişdi. O, öz şaqraq, ana südü kimi saf, billur, təmiz nitqində gənclərə ana dilimizin saflığı uğrunda mübarizə aparmağı, tarixi keçmişimizi dərindən öyrənməyi tövsiyyə edirdi.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə əlaqədar ənənələrini varisi cənab İlham Əliyev hər zaman olduğu kimi Şanlı 44 günlük Zəfər günlərimizdən sonra da uğurla davam etdirir.
  
Vətənim, Obam, Elim,

O, Heydər Əliyevdir!

Sevimli Ana dilim

O, Heydər Əliyevdir!

Sərdar Məmmədli,

YAP Yevlax rayon təşkilatının fəalı,
Yevlax şəhər Ağsaqqallar şurasının sədr müavini
“Qızıl Qələm” media  mükafatı laureatı

Xəbər lenti