Logo

Məntiq Olimpiadasının nəticələri açıqlanıb

30.12.2020 12:06 1895 baxış
IMG

Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb. 

 

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar hazırlanmış xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada təşkil edilən olimpiadanın final mərhələsində paytaxtın ümumi təhsil məktəbləri üzrə 201 məktəbli iştirak edib.

 

Finalda ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.

 

VI-VII sinif şagirdləri arasında keçirilən bilik yarışının final mərhələsində iştirakçılara riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib.

 

Olimpiada qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Finalda iştirak edib yer qazana bilməyən  şagirdlərə isə iştirakçı sertifikatı təqdim ediləcək.

 

Qeyd edək ki, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadı və məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdan ibarətdir.

Xəbər lenti