Təhsil Nazirliyinin birbaşa tabeliyində yaradılacaq 12 Regional Təhsil idarəsinin strukturu müəyyən edilib və bu günlərdə ilkin olaraq onların müdirləri təyin ediləcək. Daha sonra isə idarənin digər işçiləri tədricən təyinat alacaqlar. Bu idarələrin hər birində mərkəz və rayonlardakı sektorlarda ümumilikdə 40-80 arası, ölkə üzrə isə cəmi 717 əməkdaş çalışacaq. Yardılacaq idarələrdən yalnız Şərqi Zəngəzur Regional Təhsil İdarəsi müvəqqəti olaraq Bakıda yerləşəcək. Əhatəsində məktəb və şagird ən çox olan idarə Lənkəran-Astara Regional Təhsil İdarəsidir ki, özündə 6 rayon üzrə 554 məktəbi, 122 uşaq bağçasını və 137 122 uşağı birləşdirir.
Hər idarənin müdiri və müavini olmaqla rəhbərlikdə cəmi 2 nəfər çalışacaq. İdarənin strukturunda sektor müdirləri də daxil olmaqla 4-10 əməkdaşdan ibarət Təhsilin keyfiyyəti sektoru, 4-10 əməkdaşdan ibarət İnzibati təşkilat sektoru və 5-18 əməkdaşdan ibarət Maliyyə-iqtisadiyyat sektorları olacaq. İdarələr 64 inzibati rayonu əhatə etsə də, onların bir neçəsi cüt birləşdiriləcək və yalnız 60 rayon üzrə sektor müdiri də daxil olmaqla, 4-12 əməkdaşdan ibarət Rayonlar üzrə təhsil sektoru yaradılacaq. Hər bir idarədə müdir və müavin daxil olmaqla 2 nəfər rəhbər, mərkəzdəki 3 sektorda müdir və işçilər də daxil olmaqla 20-32 əməkdaş və rayonlardakı sektorlarda müdir də daxil olmaqla 4-12 əməkdaş çalışacaq.
Beləliklə, regional təhsil strukturunun rəhbər və müavini təhsilin inzibati idarə edilməsi, keyfiyyətin artırılması və onun maliyyələşməsinə cavabdeh 3 sektoru birbaşa mərkəzdə və hər rayondakı sektoru yerlərdə idarə edəcək. Təhsil idarəetmə orqanları yanında rayonlar üzrə mövcud metodkabinetlərin mərkəzləşdirilməsi məsələsinə isə yaxın gələcəkdə baxılacaq.
Mövcud yerli təhsil idarəetmə orqanlarının rəhbərlərinin əsasən rayonlar üzrə sektor müdirləri, bəziləri idarənin müavini və mərkəzdəki sektor müdiri təyin edilmək şansları var. Onlardan yalnız bir neçəsinin Regional Təhsil idarələrinin müdiri olmaq ehtimalı mövcuddur. Digər işçilərin də heç biri isə mövcud vəzifəsini itirməyəcək. Keçmiş yerli təhsil idarəetmə orqanlarında müdir müavini olanlar da əsasən müxtəlif məsləhətçi vəzifələrinə təyinat alacaqlar. Keçmiş ƏMHM müdir və müavinlərinin isə müvafiq sektorda təyinat almaq şansları qalır. Regional idarənin müdir müavinləri isə maliyyəçilərdən yox, pedaqoqlardan təyin ediləcək.
Göründüyü kimi, RTİ-lərin statusu BŞTİ-nin statusuna bərabər tutulmadır. Lakin bu idarələrin müsbət cəhəti təhsilin idarəetmə, məzmun və maliyyələşməsinin konkret 3 istiqamətdə ayrılmasıdır.
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi