Azərbaycan Texnologiya Universitetinin (UTECA) Avtomatika, Telekommmunikasiya və İnformatika fakültəsində baş müəllim Aidə Məmmədovanın rəhbərliyi ilə qazaxıstanlı tələbələr - Sımbat İklasova və Sarsen İbrayev, eləcə də digər tələbələr - Sənan Rəcəbov, Hüseyn Mehtiyev “Müasir dünyada kiber təhlükəsizliyin təminatı və axtarış sistemi” mövzusunda elmi seminarla çıxış ediblər.
Tehsil.biz xəbər verir ki, tələbə elmi seminarını rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, fakültə rəhbərliyi və tələbələri, Tələbə Elmi Cəmiyyəti sədri Aysel Məmmədli izləyib.
Mühazirəçilər çıxışlardan sonra onlara ünvanlanan sualları cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
M.Gülalıyev xarici tələbələrin aktivliyini yüksək qiymətləndirib. Çıxış edən tələbələrə uğurlar diləyərək seminarların və məqalələrin davamlı olmasını arzulayıb, daim araşdırmalar aparmağı, öz üzərlərində çalışmağı tövsiyə edib.
Seminar sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Eyni zamanda qazaxıstanlı tələbələrə Azərbaycanın tarixi haqqında kitab hədiyyə edilib.