Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrində “Mülki müdafiə günü” mövzusunda silsilə tədbirlər keçirib.
Tehsil.biz xəbər verir ki, tədbirlərdə məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirlər çərçivəsində keçirilən mülki müdafiə məşğələləri nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Praktiki hissə zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi həyata keçirilib. Həmçinin, məktəbdə şərti olaraq baş verən yanğın ilkin odsöndürən vasitələrlə “söndürülüb”, “xəsarət alanlara ilkin tibbi yardım göstərilib”.
Nəzəri hissə çərçivəsində çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları məşğələ iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, ölkəmiz üçün spesifik olan fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, tədbirlər çərçivəsində mülki müdafiə gününə həsr olunan "açıq dərs"lər də keçirilib. Dərslərdə şagirdlər zəlzələ, torpaq sürüşməsi, sel və daşqın, yanğınlar, vulkan və s. mövzularda öz biliklərini ifadə ediblər.
İnteraktiv formada keçirilən tədbirlərdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.