Logo

MEDİA “Azərsu” ilə birgə jurnalistlər üçün təlim keçirib - FOTOLAR

27.04.2022 17:06 476 baxış
IMG

Aprelin 27-də Medianın İnkişafı Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə təlimlər keçirilib. 

Tehsil.biz xəbər verir ki, təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media subyektinin nümayəndələri iştirak edib. 

Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar  Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar. 

 “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su  xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində “Azərsu” ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək. 

Sonra “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, Texnoloji proseslərə  nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Sudan səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatla çıxış ediblər. Tədbir zamanı mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti