Goranboy rayonunun Səfikürd kənd orta məktəbinin 6-cı sinif şagirdinin həmin məktəbin direktoru Lamiyə Abışova tərəfindən psixoloji təzyiqə və təhqirə məruz qaldığı barədə xəbər vermişdik.
Tehsil.biz məsələ ilə bağlı adıçəkilən direktorun fikirlərini öyrənib.
Saytımıza danışan L.Abışova bildirib ki, qış aylarında məktəbin şəraitinə görə şagirddən forma tələb olunmayıb, amma aprel ayının 15-dən hava şəraitinin yaxşı olduğu günlərdə həmişəki kimi formaların geyinilməsi barədə məlumat verilib:
"Bütün şagirdlər forma geyinsə də, biz həmin valideynin uşağını hər gün dar cins şalvarda məktəbə yola saldığını görürdük. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq "atam məni belə göndərir" deyirdi. Atası özü mənə zəng vurub "heç kimin hünəri deyil, mənim uşağımdan forma tələb etsin, geyinməyib, geyinməyəcək də!" deyib məni qohumu ilə hədələdi".
Məktəb direktorunun sözlərinə görə, adıçəkilən qohumu ilə əlaqə saxlanılsa da, onu başa salmaq mümkün olmayıb:
"Həmin qohumla da əlaqə saxladıq, bizi başa düşmək istəmədi. İndi də görürük ki, sosial şəbəkələrdə yalan məlumatlar yayırlar, hətta çirkin ifadələr yazırlar. Nəinki mən, hətta mənim heç bir işçilərim şagirdlərlə kobud davranmayıb və onlara artıq-əskik sözlər işlətməyib. İndi də məlumat yayıb ki, guya bizə paltar almağa imkanımız olmadığı deyilib. Amma dərs ilinin əvvəlində onun övladı məktəbə məktəbli formasında gəlib. İmkanı olmadığını bilsəydim, valideyni istisna olaraq heç kim bilmədən ona dərs ilinin əvvəlində 8 nəfərə aldığım məktəbli formasından alardım".
Fəqan Əzimli