Aprelin 28-də “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Milli Məclisin deputatı Əziz Ələkbərli, akademik Vaqif Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, məktəb direktorları və müəllimlər iştirak edib.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il 29 dekabr tarixli Sərəncamını xatırladıb. Vurğulayıb ki, bu Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcək. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar təhsil müəssisələrində, elmi mərkəzlərdə müxtəlif tədbirlər, konfranslar təşkil edilir.
Qeyd olunub ki, İrəvan Müəllimlər Seminariyasının yaradılması xalqımız üçün milli-mənəvi və tarixi əhəmiyyət daşımışdır. Seminariyanın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişaf etdirilməsində mühüm rolu olub.
Tədbirdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Milli Məclisin deputatı Əziz Ələkbərli, akademik Vaqif Abbasov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və digər çıxış edənlər İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolundan bəhs ediblər. Bildirilib ki, qədim İrəvan şəhərində 140 il əvvəl fəaliyyətə başlamış Müəllimlər Seminariyası təhsil, pedaqoji fikir, maarifçilik və milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. Seminariyanın məzunları Avropanın inkişaf etmiş ölkələrinin və Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirib, sonra Azərbaycana qayıdaraq ölkəmizdə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın və digər sahələrin inkişaf etdirilməsində yaxından iştirak ediblər.
Konfransın təşkil olunmasının məqsədi İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və onun Azərbaycan təhsilinə, elminə, pedaqoji kadr hazırlığına verdiyi töhfələri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə geniş müzakirə etməkdir.
Tədbirdə İrəvan Müəllimlər Seminariyası haqqında videoçarx nümayiş olunub.
Konfrans işini “İrəvan Müəllimlər Seminariyası: tarixi gerçəkliklər müasirlik müstəvisində” və “İrəvan Müəllimlər Seminariyası: milli maarifçilik hərəkatının aparıcı qüvvəsi” mövzularında panel iclasları ilə davam etdirib.
Panel iclaslarında Təhsil İnstitutunun şöbə müdiri İntiqam Cəbrayılov, AMEA-nın Qafqazşünaslıq və Tarix institutunun şöbə müdiri Qasım Hacıyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Nüşabə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı Fərrux Rüstəmov, Azərbaycan Dillər Universitetinin Fransız dili və mədəniyyəti mərkəzinin müdiri Əsgər Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Cəlal Allahverdiyev mövzu ilə bağlı çıxış edib, fikir mübadiləsi aparıblar.