2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Zərifə Əliyeva: xalqımızın daim parlayan və ürəklərdə yaşayan ulduz qadını” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbirdə MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova giriş sözü ilə çıxış edib. Zərifə xanımın mənəvi zənginliyin ən uca zirvələrində qərar tutduğunu və xalqımızın qəlbində əbədi sevgi qazandığını bildirən E.Cəfərova nəcib və insanpərvər Azərbaycan qadınının çoxşaxəli və zəngin fəaliyyətindən bəhs edib. Azərbaycanın tibb elmində parlaq səhifələr açan akademikin əziz xatirəsinin daim böyük ehtiramla yad edildiyini qeyd edən E.Cəfərova Zərifə xanım Əliyevanın nümunəvi ömür yolunun gənc nəsil arasında təbliğ edilməsinin önəmini diqqətə çatdırıb.
Sonra, tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova “Alim, Vətəndaş, İnsan: Zərifə xanım Əliyeva” və Humanitar fənlər kafedrasının dosenti Flora Namazova “Zərifə xanım Əliyeva: ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Z.Əliyevanın görkəmli alim, ziyalı, müəllim, həkim kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən və milli dəyərlərimizə bağlılığından bəhs edilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və elm xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.