30 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadə ilə görüşüb.
Universitetdən verilən məlumata görə, görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə MDU-nun hərbçi əməkdaşlarını təbrik edib, 30 illik yurd həsrətinə son qoyan şanlı qalibiliyyətin qazanılmasında canından və qanından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Hər birimizə sonsuz sevinc hissləri bəxş edən tarixi Zəfər Yürüşündə universitetin 4 əməkdaşının, 120-dən çox tələbə və məzunlarının iştirak etdiyini və 5 məzununun şəhdilik zirvəsinə ucaldığını qeyd edən Ş.Bayramov kollektivin şərəfli döyüş yolu keçmiş MDU ailəsinin qəhrəman üzvləri ilə qürur duyduğunu bildirib.
Döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərmiş tələbə və məzunlarımızın şücaətinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirən rektor onların Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə müxtəlif medallarla təltif edilməsinin MDU-nun professor-müəllim və tələbə heyəti tərəfindən böyük fəxarət və rəğbət hissləri ilə qarşılandığını diqqətə çatdırıb.
Azərbaycanın haqq savaşında qazandığı şanlı Qələbədə pay sahibi olduqları üçün fəxr etdiklərini bildirən müharibə iştirakçıları hər zaman dövlət, xalq və ordu birliyindən güc alaraq yüksək mübarizlik, vətənpərvərlik ruhu və böyük qələbə əzmi ilə döyüşlərə qatıldıqlarını qeyd ediblər.
Şəhid olmuş qəhrəman məzunların ailələrinə, müharibədə iştirak etmiş əməkdaşlara universitet tərəfindən xüsusi diqqət və qayğının göstərilməsindən məmnunluqlarını ifadə edən R.Babayev, Q.Kərimov və A.Misirzadə MDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Bununla yanaşı, MDU-da şəhid məzunların ehtiramla anılması, onların əziz xatirələrinin uca tutulması və göstərdikləri şücaətlərin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlərdən qürur hissi keçirdiklərini bildirən əməkdaşlar universitetin bu şərəfli fəaliyyətində yaxından iştirak etmək istəklərini diqqətə çatdırıblar.
Sonda rektor Ş.Bayramov hər üç əməkdaşa MDU-nun Fəxri Fərmanlarını təqdim edib, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə onları təbrik edib.