Aprelin 29-da Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, tədbirdə ictimaiyyət nümayəndələri, 800 nəfərdən çox 9 və 11-ci sinif şagirdi, valideynlər, işəgötürənlər iştirak ediblər. Onlar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar.
Tədbirdə aşpaz, qənnadıçı-şirniyyatçı, bərbər, dərzi, ağac nəqqaşı, mebel ustası, elektrik qaz qaynaqçısı, kimyəvi analiz laborantı, laborant mikrobioloq, bərbər-vizajist-manikürçü, kompüter operatoru, rabitə avadanlıqlarının quraşdırıcısı və telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda, həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib.
“Açıq qapı” günündə iştirakçılara peşə təhsilində inklüziv tədris və xidmətlər, 2022/2023-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar, peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.