Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap edilən “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı və “Diaspor anlayışları və terminləri” izahlı lüğəti Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində iştirakçılara və Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinə təqdim olunub.
Tehsil.biz xəbər verir ki, məsləhətçisi Komitə sədri Fuad Muradov olan kitablar Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülüb.
Azərbaycan və ingilis dilində olan “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” monoqrafiyasında Azərbaycan mühacirəti tarixində xüsusi yeri olan Şuşanın görkəmli şəxsiyyətlərinin həyatı, ictimai-siyasi və yaradıcılıq fəaliyyəti haqqında tarixi-bioqrafik məlumatlar taqdim olunur. Kitab tərtib edilərkən müxtəlif dillərdə qələmə alınmış əlyazma qaynaqlarından, tarixi mənbələrdən və arxiv materiallarından kompleks şəkildə istifadə olunub.
Kitab tarixi Azərbaycan torpağı olan Qarabağın və onun incisi Şuşa şəhərinin müasir Azərbaycan tarixşünaslığında, diplomatik və mühacirət tarixində yerini və rolunu elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərə və geniş oxucu kütləsinə çatdırmaq məqsədilə qələmə alınıb.
“Diaspor anlayışları və terminləri” izahlı lüğətində Azərbaycan dilində diaspor məsələlərinə, beynəlxalq humanitar hüquqa və münasibətlərə aid olan müvafiq anlayış və terminlərin ətraflı izahı, habelə həmin anlayış və terminlərin dərindən dərk edilməsi məqsədilə etimoloji açıqlamaları öz əksini tapıb. Bu da oxuculara həmin sözləri tam, dəqiq və dolğun şəkildə əldə etməyə imkan yaradacaq və yerli-yerində, düzgün istifadə olunmasına töhfə verəcək. Bəzi anlayış və terminlər xüsusi açıqlama tələb etdiyinə görə daha əhatəli təqdim olunub. Anlayış və terminlərin ardıcıllığı Azərbaycan əlifbası sırası üzrə verilib.
Kitab diaspor məsələləri ilə nəzəri və praktiki fəaliyyətlə məşğul olanlar, eləcə də ali məktəblərin humanitar ixtisaslarında bakalavr və magistr istiqamətləri üzrə təhsil alan tələbələr, tədqiqatçılar, mütəxəssislər, ekspertlər və geniş auditoriya üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabının layihə rəhbəri tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, “Diaspor anlayışları və terminləri” izahlı lüğətinin müəllifi tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır.