Logo

Qazax-Britaniya Texniki Universitetinin rektoru: “Bakı Ali Neft Məktəbinin çox uğurlu nəticələri var” - MÜSAHİBƏ

30.04.2022 10:58 354 baxış
IMG

Qazax-Britaniya Texniki Universiteti (KBTU) Qazaxıstanın mühəndislik, texnologiya və biznes sahəsində ixtisaslaşmış ən böyük beynəlxalq səviyyəli ali məktəblərindən biridir.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru, professor Maratbek Qabdullin Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımovla görüşdən sonra təəssüratlarını bölüşüb:

- Hörmətli rektor, Bakıya səfəriniz çərçivəsində Bakı Ali Neft Məktəbində oldunuz. BANM haqqında təəssüratlarınız necədir?

- Bakı Ali Neft Məktəbi barədə ilk dəfə 3 il bundan əvvəl məlumat almışdım. Həmin vaxt Pekində bir konfransda BANM-in rektoru Elmar Qasımovla görüşmüşdük. Rektor bizə Ali Məktəbiniz, onun kampusu, tədris proqramı haqqında məlumat vermişdi. Sizin universitetin tədris proqramı Böyük Britaniyanın Herriot-Vatt Universiteti ilə birgə həyata keçirilib. Bu, müasir proqramdır. Mən akademik mübadilə ilə sizin universitetdən gələn tələbələrlə də görüşmüşdüm. Bakı Ali Neft Məktəbi sənaye ilə əlaqəli şəkildə fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbi yeni və müasir ali təhsil ocağıdır. Bura gənc ali məktəbdir, cəmi 10 ildir fəaliyyət göstərməsinə baxmayaraq çox uğurlu nəticələri var.

Ali Məktəbin kampusunu gəzərkən burada gördüyüm laboratoriyalar təkcə tədris proqramlarının deyil, həm də gələcəkdə tədqiqatların inkişafı üçün əhəmiyyətlidir. Müasir dövrdə neft-qaz sənayesinin yeni, müasir baxışa malik mütəxəssislərə tələbatı var.Sizin Ali Məktəb sənayenin ehtiyacı olan bacarıqlara malik ingilisdilli yüksəksəviyyəli mütəxəssislər yetişdirir. Bu da neft-qaz sənayesinin inkişafı üçün çox faydalıdır.

- Qazax-Britaniya Texniki Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında gələcək əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

-  Artıq bizim ikitərəfli əməkdaşlığımız mövcuddur. Hazırda bizim universitetin 11 tələbəsi mübadilə proqramı çərçivəsində sizin Ali Məktəbdə təhsil alır. Bundan əvvəl də bizim Neft-qaz mühəndisliyi ixtisasının bir neçə tələbəsi mübadilə proqramında iştirak edib. Düşünürəm ki, bu əməkdaşlığımızın ilkin mərhələsidir. Gələcəkdə bu əməkdaşlığı inkişaf etdirəcəyik. Biz sizin Ali Məktəbin tələbələrini də Qazax-Britaniya Texniki Universitetində gözləyirik. Biz, həmçinin neft-qaz sənayesi sahəsində birgə araşdırma materialları hazırlaya bilərik. Bizim müəyyən imkanlarımız, neft-qaz sənayesində müxtəlif proseslərin simulyasiyanı həyata keçirən müasir laboratoriya proqramlarımız da var.  

- Qeyd etdiyiniz sahələrdən başqa, iki ali məktəb arasında hansı əməkdaşlıq perspektivləri var?

- Biz gələcəkdə təkcə tələbələrin deyil, həm də müəllimlərin mübadiləsini həyata keçirə bilərik. Həm sizin, həm də bizim universitetin müəllimlərinin mübadiləsinin aparılması da böyük fayda verə bilər. Bundan əlavə, təkcə bakalavr deyil, həm də magistratura proqramları sahəsində də əməkdaşlıq edə bilərik. Bəzi tədqiqatların aparılması da mümkün əməkdaşlıq perspektivlərindəndir.

- Yeri gəlmişkən, bu sizin Azərbaycana ilk səfərinizdir. Bakı haqqında təəssüratlarınızı öyrənmək istəyədik...

- Bəli, bu mənim Bakıya ilk gəlişimdir. Şəhəri, burada yaşayan insanları çox bəyəndim. Bakı çox gözəl və inkişaf etmiş şəhərdir. İçərişəhərdə çox maraqlı bir restoranda oldum. Həm də şəhərin bu qədim hissəsini görmək imkanım oldu. Burada qədim və müasirliyin ahənginin şahidi olursan. Bu çox gözəldir.

Xəbər lenti