Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixlərində "Four Seasons Hotel Baku"da “Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin əsas məqsədləri haqqında - dövlət və özəl sektor arasında əlaqələrin yaradılması və genişləndirilməsi, gənc istedadların və həm də orta və yaşlı nəsli təmsil edən incəsənət xadimlərinin dəstəklənməsi, onların ictimaiyyətə media vasitəsilə tanıdılmasından danışdı.
Daha sonra açılışda Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış etdi.
Tədbir zamanı Nazir Anar Kərimov həmçinin təsviri incəsənətin inkişafında və gələcək nəsillərə ötürülməsində rəssamların xidmətlərini xüsusi vurğulayaraq 60 illik yubiley münasibətilə əməkdar rəssam Məlik Arif oğlu Ağamalovu və rəssam Altay Oqtay oğlu Sadıxzadəni Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif etdi.
Sərgidə Səttar Bəhlulzadə, Oqtay Sadıqzadə, Vəcihə Səmədova, Rasim Babayev, Müseyib Əmirov, Cəlil Hüseynov, Yelena Haqverdiyeva, Anar Yolçiyev, Rəşad Mehdiyev, gənclərdən Aqşin Kazımov, Kənan Əliyev, Nizar Məmmədovla yanaşı digər sənət xadimləri, gənc nəsil rəssam və heykəltaraşlarının əsərləri və habelə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olan heykəltaraş Samir Kaçayevin də əl işləri nümayiş etdirilib.
“Təsviri sənətə səyahət” adlı satış-sərgidə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq dövlət organlarının nazirləri, səfirlər, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edib.
Sərgi zamanı rəngkarlıq, heykəltaraşlıq, keramika, qobelen və digər sənət nümunələrinin satışı həyata keçirilib.
Sərgi 30 aprel 2022-ci il tarixinədək davam edəcək.