Vüqar Babazadənin "Yarımçıq yazı" adlı yazısını təqdim edirik.
Bir insan köçürsə dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir.
O gedir... Qalırıq biz yana-yana,
Bu dərdi ürəkdə daşımaq çətin.
Hər gün yer üstündən yerin altına
Köçür bir parçası bəşəriyyətin.
Məhəmməd Hüseyn Şəhriyar
2009-cu il bu gün, səhər saat 09.30-da Azərbaycan Neft və Sənaye Universitetində terror baş verdi. Naməlum şəxs ali məktəbə daxil olaraq, birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan hər kəsə atəş açmağa başladı.
Özü isə altıncı mərtəbədə özünü güllələdi.
13 il əvvəl bu gün 12 nəfər həyata gözlərini birdəfəlik yumdu.
Həmin insanların hər birinin ayrı-ayrılıqda yarımçıq qalan öz arzuları, xəyalları, planları, düşüncələri, problemləri və hekayələri də onlarla birlikdə həyatla vidalaşdılar.
Bu faciəni, orda həyatını itirən insanların talelərini və sevdiklərinin, valideynlərinin çəkdiyi əzabları təsvir etmək mümkün deyil. Nə qədər ürəkdağlayan, bilinməyən nüanslar var.
Terrorun milləti, dili, irqi, cinsi yoxdur. Terror latınca “qorxudan titrəmək” deməkdir. Terror birbaşa mahiyyət olaraq insanlığa yönəlib. İçində qan və ölüm daşıyır. Hansısa ideologiyalardan isə söhbət belə gedə bilməz.
ADNA-dakı terrorun altında, bəlkə, hansısa başqa şeylər də var. Bilmirəm. Mən orada həyatlarını yarımçıq qalan insanların taleləri ilə maraqlanıram. Və terroru lənətləyirəm.
Həlak olan tələbələrdən biri Savalan Cabbarov silah səsini eşidən kimi eyni ali məktəbdə oxuyan bacısının yanına qaçır. Dəhlizdə qatillə üz-üzə gəlir və bir neçə atəşdən sonra həlak olur...
Bu bədbəxt hadisədə həyatını itirən digər tələbə isə Taleh Məmmədovdur. Anası müsahibələrinin birində deyir ki, onun diplom işini rus dilindən bir səhifə tərcümə etmişəm. Hələ də durur.
Başqa bir həlak olan tələbə isə Ayaz Bağırovdur. O sağ qalsydı səhər toyu idi. Toyuna bir gün qalmış öldü Ayaz...
Uşaqlar bilmədilər ki, gəldikləri imtahan onların son həyat imtahanı, son sınaqları olacaq. Onlar bilmirdilər ki, hər biri ağ köynəyini geyinib ölümə yollanırlar.
12 nəfərin ölümü və 13 nəfərin ağır xəsarət alması ilə nəticələnən dəhşətli hadisədən bu gün 13 il ötür. Bu hadisə bütün Azərbaycanı dərindən sarsıtdı.
Bu dəhşətli faciədə həyatını itirən şəxslərin hər birinə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm. Bilirəm ki, çox çətindir...
Terror zamanı həyatını itirən şəxslərin siyahısı:
1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
Mənbə: Kulis.az